Xərçəng riskini artıran vərdiş: Onkoloq tütün məhsulları barədə DANIŞDI
Siqaret və digər tütün məhsullarının istifadəsi ürək-damar və tənəffüs xəstəlikləri, eləcə də müxtəlif xərçəng növləri ilə əlaqələndirilir. Ümumdünya Səhiyyə Təşkilatı bütün tütün məhsullarının sağlamlıq üçün zərərli olduğunu bildirir.
Elektron siqaret və qəlyan da təhlükəsiz alternativ hesab olunmur. Bəs bu məhsulların yaratdığı sağlamlıq riskləri nələrdir və insanlar arasında onların daha az zərərli olması ilə bağlı təsəvvür nə dərəcədə doğrudur?
Crossmedia.az-a açıqlamasında onkoloq Fərid Museyibov tütün məmulatlarından istifadənin müxtəlif xərçəng növlərinin yaranması ilə əlaqəli əsas risk faktorlarından biri olduğunu bildirib: “Son zamanlar ağciyər xərçəngi, ağız boşluğu xərçəngi, mədə xərçəngi, qadınlarda isə süd vəzi, uşaqlıq və uşaqlıq boynu xərçəngi geniş yayılıb. Bunun əsas əmələgəlmə səbəblərindən biri və birincisi, deyərdim ki, təbii ki, tütün məmulatlarından istifadədir”.
Fərid Museyibov qəlyan və elektron siqaretin adi siqaretə daha təhlükəsiz alternativ kimi qəbul edilməsinin düzgün olmadığını vurğulayıb: “Son zamanlar insanlar düşünürlər ki, qəlyan və ya elektron siqaretdən istifadə etsələr, bu, daha yaxşı təsir göstərər və xərçəng riski yaratmaz. Amma bunu qeyd etmək lazımdır ki, qəlyan və elektron siqaret siqaretə alternativ deyil. İnsanlar düşünməsinlər ki, qəlyan çəkdikdə və yaxud elektron siqaretdən istifadə etdikdə ağciyər və ya digər orqanların xərçənginə tutulmayacaqlar”.
Onun sözlərinə görə, xüsusilə gənclər və qadınlar arasında elektron siqaret və digər tütün məhsullarından istifadənin artması narahatlıq doğurur: “Son zamanlar bundan daha çox gənc qadınlarımız istifadə edir. Haraya getsək, görürük ki, qadınlarımız da elektron siqaretlərdən və yaxud tütün məmulatlarından geniş istifadə edirlər. Ona görə insanlara hər zaman məsləhət görürük ki, bunlardan nə qədər uzaq dursalar, bir o qədər yaxşıdır”.
Onkoloq tütün məhsullarından uzaq durmağın xərçəng riskinin azalması baxımından əhəmiyyətli olduğunu bildirib: “Bunlardan nə qədər uzaq olsalar, təbii ki, xərçəngə tutulma riski də bir o qədər az olar”.
Nigar Xəlilli
20:00 24.09.2026
Oxunuş sayı: 49