Cümhuriyyətdən Vətən müharibəsinə: Azərbaycanı yaşadan GÜCLÜ TARİXİ YADDAŞ
Azərbaycanın dövlətçilik tarixində müxtəlif dövrlərdə yaşanan siyasi hadisələr, müstəqillik mübarizəsi və müharibələr cəmiyyətin tarixi yaddaşında mühüm izlər buraxıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, sovet hakimiyyəti dövründə milli kimliyin qorunması, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi bu yaddaşın əsas mərhələləri sırasında yer alır. Bu hadisələrin gələcək nəsillərə çatdırılması isə həm tarixi irsin qorunması, həm də milli dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Tarixi yaddaş yalnız keçmişdə baş verən hadisələrin xatırlanması ilə məhdudlaşmır. Cəmiyyətin öz dövlətçilik tarixini, milli dəyərlərini və yaşadığı mühüm hadisələri necə öyrənməsi gələcək nəsillərin bu irsə münasibətinə də təsir göstərir. Bu baxımdan gənclərin tarixə marağının artırılması və dövlət müstəqilliyi anlayışının onlara düzgün çatdırılması aktual məsələlərdən biri olaraq qalır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, azərbaycanlılarda tarixi yaddaş çox güclüdür: "Həmin tarixi yaddaş 1918-ci ildə Xalq Cümhuriyyətinin qurulmasındadır. Həmin tarixi yaddaş Moskva tərəfindən təzyiqlərə baxmayaraq, azərbaycançılığın nəsildən-nəslə ötürülməsindədir. Həmin tarixi yaddaş Birinci Qarabağ müharibəsində silahsız, dəstəksiz Azərbaycan xalqının torpaqlarının əsasını qoruya bilməsindədir. Həmin tarixi yaddaş 44 günlük müharibəmizdədir".
Deputat qeyd edib ki, gələcək nəsillər də bizə qəhrəmanlıqlarla, vətən sevgisi ilə dolu tariximizi getdikcə öyrənəcəklər: "Onlar da torpağımızın yaxşı keşikçisi olacaqlar, dəyərlərimizin qoruyucuları olacaqlar. Ən əsası isə hər bir gənc nəsil Azərbaycan dövlət müstəqilliyinin qorunmasını, Azərbaycan dövlətinin qüdrətlənməsini öz həyatının əsas, ən vacib vəzifəsi hesab etməlidir".
Zeynəb Həsən
19:30 24.09.2026
Oxunuş sayı: 41