Süni intellektdən bu məqsədlə istifadənin sonu həbsxanada bitə bilər
Süni intellekt vasitəsilə real insanların iştirak etmədiyi foto və videoları hazırlamaq getdikcə geniş yayılır. Bir neçə saniyə ərzində insanı heç vaxt getmədiyi məkanda, heç vaxt görüşmədiyi şəxslə və ya etmədiyi hərəkəti edirmiş kimi göstərmək mümkündür. Məsələn, Türkiyədə bir şəxsin Prezident Rəcəb Tayyib Ərdoğan və Adalet naziri Akın Gürləklə yan-yana göründüyü süni intellektlə hazırlanmış görüntüləri WhatsApp-da paylaşması onun saxlanılması ilə nəticələnib. İstintaqa görə, həmin görüntülərlə şübhəlinin dövlət rəsmiləri ilə yaxın əlaqələrinin olduğu barədə yanlış təsəvvür yaratdığı qiymətləndirilib.
Bu hadisə süni intellektlə hazırlanmış saxta görüntülərin artıq yalnız texnoloji yenilik və ya sosial şəbəkə əyləncəsi olmadığını göstərir. Belə materiallar şəxsin nüfuzuna, şəxsi həyatına və hüquqlarına toxuna, eyni zamanda ictimaiyyəti yanlış istiqamətləndirə bilər. Maraqlıdır Azərbaycanda da bu sahədə hüquqi məsuliyyət ayrıca müəyyən edilib.

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, üquqi məsuliyyət var. Cinayət Məcəlləsinin 148-2-ci maddəsi qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və audio materialların hazırlanması və ya yayılmasını nəzərdə tutur: "Orada konkret deyilir ki, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3000 manatdan 7000 manatadək miqdarda cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünə və ya yaxın qohumlarına qarşı törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur".
Hüquqşünas qeyd edib ki, əsas problem məsuliyyətin olub-olmamasında deyil, həmin şəxsin tapılmasındadır: "Özünüz də internetdə Cinayət Məcəlləsinin həmin maddəsini oxuya bilərsiniz. Amma əsas problem başqadır: bunu tapmaq, bunu edəni tapmaq, eyniləşdirmək. Bilirsiniz, ən böyük problem budur. Bunu haradan tapaq? Sosial şəbəkədə, internetdə yayıblar. Böyük ehtimalla həmin şəxs heç Azərbaycanda da yoxdur, xaricdədir. Məsuliyyət var, amma onu məsuliyyətə cəlb etmək, yəni prosessual olaraq bu proses çox ağırdır".
Zeynəb Həsən
17:00 24.09.2026
Oxunuş sayı: 42