HƏMAS Qəzza planı ilə bağlı mövqeyini açıqladı
HƏMAS Qəzza zolağı ilə bağlı razılaşdırılmış yol xəritəsini tam şəkildə icra etməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, HƏMAS bu barədə məlumat yayıb.
Hərəkatın sözçüsü Hazım Kasım bildirib ki, HƏMAS BMT və Ərəb Liqasının Qəzza ilə bağlı sülh planı çərçivəsində razılaşdırılmış yol xəritəsinin həyata keçirilməsi üçün zəruri addımları atıb.
Kasım atəşkəs razılaşması və yol xəritəsinin icrasının ləngiməsinə görə İsraili məsuliyyət daşımaqda ittiham edib. Onun sözlərinə görə, İsrail hökuməti atəşkəs şərtlərinə əməl etmir və Qəzzaya hücumlarını artırır.
HƏMAS sözçüsü həmçinin “Qəzza Sülh Şurası”nın və onun ali nümayəndəsi Nikolay Mladenovun İsraili razılaşmaya əməl etməyə məcbur edə bilmədiyini bildirib.
Kasım ABŞ başda olmaqla prosesdə iştirak edən tərəfləri Qəzzanı idarə edəcək texnokrat komitənin bölgəyə daxil olmasına şərait yaratmağa çağırıb.
Onun sözlərinə görə, komitənin Qəzzada fəaliyyətə başlamasından sonra atəşkəs razılaşması və yol xəritəsinə uyğun olaraq beynəlxalq qüvvələrin bölgədə yerləşdirilməsinə başlanıla bilər. BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi də Qəzzada müvəqqəti beynəlxalq sabitləşdirmə qüvvəsinin yerləşdirilməsini nəzərdə tutur.
Nikolay Mladenov avqustun 28-də xəbərdarlıq etmişdi ki, yol xəritəsinin tələblərinə əməl olunmaması Qəzzada atəşkəsin pozulmasına və hər iki tərəf üçün ağır nəticələrə səbəb ola bilər.
Qəzzada atəşkəs planının ilk mərhələsi 10 oktyabr 2025-ci ildə qüvvəyə minib. HƏMAS İsrailin bölgədə həyata keçirdiyi hücumlarla atəşkəsi pozduğunu bildirir.
ABŞ administrasiyası yanvarın 16-da Qəzzada keçid dövrü idarəetmə strukturlarını açıqlayıb. Bunlara “Sülh Şurası”, “Qəzza İcra Şurası”, “Qəzza Administrasiyası üzrə Milli Komitə” və “Beynəlxalq Sabitləşdirmə Qüvvəsi” daxildir. Ağ Evin məlumatına görə, Nikolay Mladenov Qəzza üzrə ali nümayəndə təyin edilib.
Donald Trampın Qəzza ilə bağlı 20 maddəlik planı BMT Təhlükəsizlik Şurasının 17 noyabr 2025-ci il tarixli 2803 saylı qətnaməsi ilə dəstəklənib. Qətnamə 13 səslə qəbul edilib, Çin və Rusiya bitərəf qalıb.
“Anadolu Ajansı”nın məlumatına görə, 2023-cü ilin oktyabrından Qəzzada 73 mindən çox insan həlak olub, 173 mindən çox insan yaralanıb. BMT isə Qəzzanın yenidən qurulması üçün tələb olunan vəsaitin təxminən 70 milyard dollar olduğunu qiymətləndirib.
14:53 24.09.2026
Oxunuş sayı: 38