TRIPP gündəmdə: Ceyhun Bayramov və Mirzoyan bir arada
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ABŞ hökumətinin TRIPP layihəsinə həsr olunan tədbirində iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi bu barədə məlumat yayıb.
Nyu-Yorkda keçirilən tədbir “Sülh vasitəsilə rifah: Transxəzər ticarət marşrutuna və TRIPP-ə investisiyalar” adlanıb. Ceyhun Bayramov və Ararat Mirzoyan TRIPP və Transxəzər marşrutunun həyata keçirilməsi ilə bağlı müzakirələrə qatılıblar. Tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan da iştirak edib.
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff da tədbirə qatılıb. “Reuters”in məlumatına görə, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilib.
Uitkoff TRIPP layihəsi ilə bağlı ABŞ-nin baxışını təqdim edib. O, müxtəlif ekspert qiymətləndirmələrinə istinad edərək, layihənin işə salınmasının Hörmüz boğazı ətrafındakı məhdudiyyətlər fonunda bəzi ticarət marşrutlarında daşınma müddətini 2,5–3 həftə azalda biləcəyini bildirib.
Müzakirələr zamanı TRIPP-in Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə mümkün əlaqələndirilməsi məsələsinə də toxunulub.
Ceyhun Bayramov isə TRIPP-in regional nəqliyyat əlaqələrinin genişləndirilməsi, iqtisadi artım, dayanıqlı təchizat zəncirləri və yeni investisiya imkanları baxımından əhəmiyyətini vurğulayıb.
14:29 24.09.2026
Oxunuş sayı: 46