“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir
“İcra haqqında” Qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddə əlavə edilir.
Crossmedia.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Yeni maddə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizmini müəyyən edir.
Layihəyə əsasən, borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər “Elektron icra” informasiya sistemi vasitəsilə təşkil edilir.
Qanun layihəsində, həmçinin “Qiymətli kağızlar bazarı haqqında” Qanunda uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
10:48 24.09.2026
Oxunuş sayı: 43