Oyun oynamaq nə vaxt asılılığa çevrilir?
Oyuna uzun saatlar sərf etmək insanın avtomatik olaraq oyun asılılığından əziyyət çəkdiyi anlamına gəlmir.
Crossmedia.az xəbər verir ki, bu barədə davranış asılılığı üzrə tədqiqatçı və psixoloq Maeva Flayelle “Anadolu”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, sağlam oyun vərdişi ilə asılılıq arasında sərhədi müəyyən edən konkret saat limiti yoxdur. Bəzi insanlar uzun müddət oyun oynasa, canlı yayımlara baxsa və ya sosial mediadan istifadə etsə də, nəzarəti itirməyə və ciddi mənfi nəticələrlə üzləşməyə bilər.
Digər tərəfdən, daha az vaxt oyun oynayan şəxslərdə də psixoloji gərginlik, təhsil və ya iş fəaliyyətində geriləmə, eləcə də şəxsi və sosial münasibətlərdə problemlər yarana bilər.
Flayelle bildirib ki, əsas göstərici oyun oynamağa sərf olunan saatların sayı deyil, bunun insanın həyatına təsiridir. Onun sözlərinə görə, oyun vaxtına nəzarəti itirmək, istifadəni azaltmaq cəhdlərinin dəfələrlə uğursuz olması, günahkarlıq və peşmanlıq hisslərinin yaranması problemli davranışın əsas əlamətləri sırasında yer alır.
Mütəxəssis vurğulayıb ki, oyun istifadəsi insanın gündəlik fəaliyyətinə və psixoloji vəziyyətinə ciddi mənfi təsir göstərməyə başlayanda vəziyyət daha narahatedici xarakter alır.
03:30 24.09.2026
Oxunuş sayı: 40