Süni intellekt həkimləri geridə qoydu
Alibaba-nın tədqiqat bölməsi Damo Academy kompüter tomoqrafiyası (KT) görüntülərindən qarın boşluğundakı 146 xəstəlik və tibbi anomaliyanı, o cümlədən xərçəng şişlərini müəyyən edə bilən süni intellekt modelini açıq istifadəyə verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
“Damo Radar” adlandırılan görmə-dil modeli kontrastlı KT müayinələrində qarın boşluğunun 18 orqanını analiz edir və bədxassəli şişlər də daxil olmaqla geniş spektrli xəstəlikləri müəyyənləşdirə bilir.
Təxminən 40 min real tibbi müayinə əsasında aparılan qiymətləndirmədə model 146 klinik göstərici üzrə orta hesabla 0,913 AUC nəticəsi əldə edib. Tədqiqatçılar modeli “ekspert səviyyəsində ilk universal tibbi görüntüləmə modeli” kimi təqdim ediblər.
26 radioloqun iştirak etdiyi sınaqlarda süni intellekt modeli orta hesabla 23 mütəxəssisdən daha yüksək nəticə göstərib. Modelin radioloqlara köməyi ilə buraxılmış diaqnozların sayı 10 faiz, diaqnostikaya sərf olunan vaxt isə 30 faizdən çox azalıb.
Tədqiqatçılar bildiriblər ki, texnologiyanın gələcəkdə digər tibbi görüntüləmə növlərinə də tətbiq edilməsi mümkündür.
02:30 24.09.2026
Oxunuş sayı: 38