Türkiyənin xalça ixracı 1,7 MİLYARD DOLLARI KEÇDİ
Türkiyənin xalça ixracı ilin ilk 8 ayında 1 milyard 738 milyon dollara çatıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) Xalça Sektor Şurasının sədri İskəndər Kaplan yazılı açıqlamasında qlobal iqtisadi dalğalanmalara baxmayaraq, ölkənin xalça sektorunun mövqeyini qoruduğunu bildirib.
Kaplanın sözlərinə görə, 8 ay ərzində Türkiyə üzrə xalça ixracında 337,5 milyon kvadratmetr və 542 min ton həcmində məhsul göndərilib. İxracın əsas hissəsini 1 milyard 347 milyon dollarla maşın xalçaları təşkil edib. Bu dövrdə 306 milyon dollar dəyərində tüftə xalça, 77 milyon dollar dəyərində əl toxuması xalça və 8 milyon dollar dəyərində kilim ixrac olunub.
Türkiyənin xalça ixracı 178 ölkəni əhatə edib. Regional bölgüdə 526 milyon dollarla Amerika ölkələri ilk sırada qərarlaşıb. Orta Şərq ölkələrinə 429 milyon dollar, Avropa İttifaqı ölkələrinə isə 285 milyon dollar dəyərində xalça ixrac edilib.
Kaplan Gaziantepin xalça ixracında mühüm paya sahib olduğunu bildirib. Onun sözlərinə görə, şəhər təkbaşına 1 milyard 227 milyon dollar dəyərində xalça ixrac edib. Eyni dövrdə İstanbuldan 356 milyon dollar, Uşakdan isə 62 milyon dollar dəyərində xalça ixracı həyata keçirilib.
17:43 23.09.2026
Oxunuş sayı: 40