Onlayn alış-veriş dələduzluğu- Ehtiyyatlı olun
Onlayn alış-veriş edən istehlakçılar sifarişləri ilə bağlı müxtəlif bəhanələrlə platformadan kənar ödəniş etməyə yönləndirilir və bu üsul yeni dələduzluq hallarına səbəb olur.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı” bu barədə məlumat yayıb.
Mütəxəssislər “sifarişinizdə problem yaranıb”, “məhsulun qiyməti səhv qeyd edilib” və ya “qiymət fərqini ödəməlisiniz” kimi bəhanələrlə istehlakçılardan IBAN hesabına pul köçürmələrinin tələb edilməsinə qarşı xəbərdarlıq edirlər.
Türkiyə İstehlakçı Konfederasiyasının Kibertəhlükəsizlik Komissiyasının sədri Muharrem Baki bildirib ki, son dövrdə internet üzərindən alış-veriş edən şəxslərin qarşılaşdığı dələduzluq üsullarından biri real sifariş prosesinin manipulyasiya edilərək istehlakçının platformadan kənar hesaba pul göndərməsinə sövq edilməsidir.
Onun sözlərinə görə, əvvəllər sosial media platformaları üzərindən edilən alış-verişlərdə IBAN vasitəsilə ödənişlərə geniş rast gəlinirdi. İstehlakçıların bu üsula alışması isə dələduzların həmin vərdişdən istifadə etməsinə şərait yaradıb.
Baki qeyd edib ki, hazırda dələduzlar yalnız məhsulu göndərmədən pul almaqla kifayətlənmir, istehlakçıların həqiqətən verdiyi sifariş və digər məlumatlardan istifadə edərək yeni üsullara əl atırlar.
Belə hallarda şəxslərə sifarişlə bağlı problem yarandığı, məhsulun qiymətinin sistemdə səhv göstərildiyi və ya sifarişin davam etdirilməsi üçün əlavə məbləğin ödənilməli olduğu bildirilir. Əsas məqsəd isə istehlakçını alış-veriş platformasından kənara çıxararaq dələduzların hesabına pul köçürməsinə nail olmaqdır.
Mütəxəssis hesab edir ki, bu üsulun təsirli olmasının əsas səbəblərindən biri istehlakçıda yaranan etimaddır. Şəxs qarşı tərəfin sifariş barədə məlumatlı olduğunu görərək onun həqiqətən alış-veriş platformasının nümayəndəsi olduğunu düşünə bilər.
Baki bildirib ki, istehlakçıların şəxsi məlumatlarının üçüncü şəxslərin əlinə keçməsi belə halların yaranmasına səbəb ola bilər. O, tanımadıqları mənbələrdən tətbiqlərin yüklənməməsini və mobil telefona SMS vasitəsilə göndərilən şübhəli keçidlərə daxil olmamağı tövsiyə edib.
Onun sözlərinə görə, saxta proqramlar vasitəsilə istifadəçilərin məlumatları kənar şəxslərə ötürülə və sonradan həmin məlumatlardan dələduzluq məqsədilə istifadə oluna bilər.
Sifariş məlumatları yalnız rəsmi platformadan yoxlanılmalıdır
Mütəxəssis istehlakçılara belə vəziyyətlə qarşılaşdıqda sifarişin statusunu yalnız platformanın və ya şirkətin rəsmi internet saytı və tətbiqi üzərindən yoxlamağı tövsiyə edib.
O vurğulayıb ki, sifarişlə bağlı bütün ödəniş və digər əməliyyatlar mümkün qədər platformanın öz sistemi daxilində aparılmalıdır.
Baki həmçinin bəzi platformaların təhlükəsiz ödəniş sistemlərinin adından istifadə edilərək saxta internet saytlarının yaradıldığını bildirib. Bu saytlar görünüşünə görə real platformaya bənzədiyindən istifadəçi həqiqi saytda olduğunu düşünə bilər.
Mütəxəssis SMS, “WhatsApp”, telefon zəngi və ya elektron poçt vasitəsilə göndərilən IBAN və ödəniş keçidlərinə qarşı diqqətli olmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, link vasitəsilə bank kartı məlumatlarının daxil edilməsi də birbaşa IBAN-a pul göndərilməsi qədər riskli ola bilər.
Baki platformaların istifadəçiləri platformadan kənar ödəniş tələbləri barədə açıq şəkildə xəbərdar etməli olduğunu deyib. O, IBAN təqdim edən şəxsin həqiqətən platformanın əməkdaşı olub-olmadığının yalnız rəsmi kanallar vasitəsilə yoxlanılmasını tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, dələduzların əsas üsullarından biri sosial mühəndislikdir. Onlar insanlarda panika və təcili qərar vermək təzyiqi yaradaraq düşünmədən ödəniş etmələrinə nail olmağa çalışırlar.
Bu səbəbdən istehlakçıdan hər hansı əlavə ödəniş tələb edildikdə, əməliyyatı həyata keçirməzdən əvvəl məlumatın mənbəyini rəsmi kanallardan yoxlamaq tövsiyə olunur.
14:43 23.09.2026
Oxunuş sayı: 42