TDT-nin ticarət dövriyyəsi- triliyon dollari kecdi
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,11 trilyon dollara, xarici ticarət dövriyyəsi isə 1,13 trilyon dollara çatır.
Crossmedia.az xəbər verir ki, “Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” tərəfindən hazırlanan analitik hesabatda TDT ölkələrinin iqtisadi göstəriciləri, ticarət potensialı, logistika imkanları və texnoloji inteqrasiyası ilə bağlı məlumatlar yer alıb.
Hesabata əsasən, TDT ölkələri ümumilikdə 4,82 milyon kvadratkilometr ərazini əhatə edir. Təşkilatın üzv və müşahidəçi ölkələrində 178,8 milyon nəfər yaşayır ki, bu da dünya əhalisinin 2,8 faizinə bərabərdir.
TDT ölkələrinin ümumi ÜDM-nin 2,11 trilyon dollar olduğu bildirilir. Bu göstərici qlobal iqtisadiyyatın təxminən 2 faizini təşkil edir.
Ölkələrin ümumi ticarət dövriyyəsi isə 1,13 trilyon dollar səviyyəsindədir. Bu rəqəm dünya ticarətinin 3,6 faizinə uyğun gəlir.
Türkiyə ticarətdə, Azərbaycan investisiyalarda öndədir
Hesabatda TDT ölkələri arasındakı iqtisadi əlaqələrin ənənəvi ticarət münasibətlərindən daha geniş və inteqrasiya olunmuş iqtisadi modelə doğru inkişaf etdiyi qeyd olunur.
Bu prosesdə ölkələrin müxtəlif istiqamətlər üzrə fərqləndiyi bildirilir. Türkiyə ticarət əlaqələrində, Azərbaycan isə birbaşa xarici investisiyalar sahəsində önə çıxır.
Orta Dəhlizdə yükdaşımalar artır
Hesabatda TDT ölkələrinin iqtisadi inkişafında logistika əlaqələrinin də mühüm rol oynadığı vurğulanır.
Geosiyasi dəyişikliklərin Orta Dəhlizin strateji əhəmiyyətini artırdığı qeyd edilir. Bu istiqamətdə Xəzər dənizi üzərindən həyata keçirilən quru yük daşımalarının 34 faiz, Bakı Limanında konteynerlərin emal həcminin isə 15 faiz artdığı bildirilir.
Şərq-Qərb istiqamətində dəmir yolu ilə tranzit daşımaların 12 faiz yüksəldiyi qeyd olunan hesabatda Orta Dəhlizin dayanıqlılıq indeksinin 1 üzərindən 0,5 olduğu göstərilir.
Hesabatda bildirilir ki, ticarət, investisiya və logistika göstəricilərinin birgə qiymətləndirilməsi TDT ölkələri arasında iqtisadi əlaqələrin daha geniş və çoxşaxəli struktura çevrildiyini göstərir.
Bu prosesdə ölkələrin iqtisadi potensialı, coğrafi mövqeyi və nəqliyyat imkanları TDT çərçivəsində iqtisadi inteqrasiyanın əsas amilləri kimi qiymətləndirilir.
13:44 23.09.2026
Oxunuş sayı: 40