Azərbaycan regionun “təhlükəsizlik adası”na çevrilir: Bakıdan mühüm mesajlar
Qlobal təhlükəsizlik mühitində geosiyasi rəqabətin, regional münaqişələrin və transsərhəd təhdidlərin artması təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırır. Bu baxımdan Bakıda keçirilən IV Bakı Təhlükəsizlik Forumu müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının nümayəndələrini bir araya gətirərək terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər və yeni texnologiyaların yaratdığı risklərin müzakirəsi üçün platforma yaradır.
Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində müasir təhlükələrin artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmadığını vurğulayıb və təhlükəsizlik orqanları arasında məlumat mübadiləsi və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Bəs IV Bakı Təhlükəsizlik Forumunun gündəliyə gətirdiyi məsələlər və Prezidentin müraciətində səsləndirilən məqamlar qlobal təhlükəsizlik baxımından nə vəd edir?
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Bakıda keçirilən IV Təhlükəsizlik Forumunun Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərində artan rolunu göstərdiyini bildirib:
“Azərbaycanda daha bir möhtəbər tədbir keçirilir – Bakı IV Təhlükəsizlik Forumu. Bu forum çərçivəsində cənab Prezident İlham Əliyevin iştirakçılara müraciəti ünvanlanıb. Bu, çox önəmli bir müraciətdir. Azərbaycan son zamanlar dünyanın müxtəlif mövzularda, istər siyasi, geosiyasi, iqtisadi, rəqəmsal, kiber təhlükəsizlik, istərsə də digər istiqamətlərdə beynəlxalq forumların keçirildiyi məkana çevrilib. Cənab Prezidentin forum iştirakçılarına ünvanladığı müraciətdən də gördüyümüz kimi, Azərbaycan bu gün beynəlxalq təhlükəsizlik məsələlərində önəmli rol oynayır, önəmli töhfə verir”, - deyə deputat qeyd edib.
O bildirib ki, Azərbaycanın müharibədən sonrakı dövrdə Cənubi Qafqazı müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün yeni imkanların açıldığı platformaya çevirdiyini düşünür: “Bu gün biz xüsusilə də müharibədə qalib gəldikdən sonra Cənubi Qafqazı həqiqətən də elə bir platformaya çevirmişik ki, burada artıq müxtəlif mövzuların, o cümlədən təhlükəsizlik istiqamətində əməkdaşlıq üçün yeni fürsətlər, imkanlar yaranıb. Bu gün siyasi, hərbi təhlükəsizlik, iqtisadi təhlükəsizlik, qida təhlükəsizliyi kimi mühüm aspektlərlə yanaşı, həmçinin kiber təhlükəsizlik, rəqəmsal və informasiya təhlükəsizliyi kimi məsələlər də önəmli şəkildə müzakirə olunur və Azərbaycan bütün bu məsələlərdə öndə gedir”.
Tural Gəncəliyev Azərbaycan-Ermənistan müharibəsi və postmünaqişə dövründə ölkənin siyasi-iqtisadi və enerji təhlükəsizliyi məsələlərindəki roluna da diqqət çəkib: “Azərbaycan Ermənistanla müharibə kontekstində, postmünaqişə dövründə nəzər salsaq, görürük ki, siyasi-iqtisadi təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi məsələləri Azərbaycanı beynəlxalq tərəfdaşlarımız üçün, müxtəlif güc mərkəzləri üçün önəmli aktora, önəmli ölkəyə çevirib. Bu gün böyük güc mərkəzləri, böyük ölkələr məhz öz layihələrini, öz siyasi planlarını Azərbaycanın iştirakı olmadan həyata keçirmirlər. Böyük layihələr, böyük nəqliyyat-kommunikasiya xətləri məhz ölkəmizin iştirakı, istəyi, arzusu nəzərə alınaraq həyata keçirilir”.
Deputat təhlükəsizlik məsələlərinin artıq yalnız ayrı-ayrı ölkələrin sərhədləri çərçivəsində nəzərdən keçirilə bilməyəcəyini vurğulayıb: “Eyni zamanda məlumdur ki, hazırkı dövrdə təhlükəsizlik məsələləri, xüsusilə enerji təhlükəsizliyi, siyasi-hərbi təhlükəsizliklə yanaşı, rəqəmsal, kiber təhlükəsizlik və digər ümumiyyətlə təhlükəsizlik mövzuları ölkələrin sərhədləri ilə məhdudlaşmır. Əgər bir ölkədə, bir coğrafiyada hansısa problem varsa, o dərhal başqa ölkələrə, qonşu ölkələrə sıçraya bilir. Hansısa bir ölkədə, hansısa bir regionda qeyri-sabit vəziyyət varsa, xaos varsa, bu, qonşu ölkələr üçün, qonşu coğrafiyalar üçün təhdid yaradır. Biz unikal bir coğrafiyada yerləşirik. Baxmayaraq ki, şimalımızda Rusiya-Ukrayna arasında, dolayısı ilə Rusiya-NATO, Rusiya-Avropa arasında böyük müharibə gedir və yaxud da İran ilə ABŞ-İsrail arasında müharibə gedir, eskalasiya gündən-günə artır. Ancaq bizim, həqiqətən də, Cənubi Qafqazımız önəmli bir təhlükəsizlik adası kimi, stabil bir təhlükəsizlik məkanı kimi, artıq, necə deyərlər, sabitlik adası kimi nəzərdən keçirilir”, - deyə Tural Gəncəliyev əlavə edib.
O, forumun təhlükəsizlik və xüsusi xidmət orqanları arasında əməkdaşlıq baxımından da əhəmiyyət daşıdığını qeyd edib: “Beynəlxalq Təhlükəsizlik Forumunun iştirakçıları arasında həm də xüsusi xidmət orqanlarının, təhlükəsizlik orqanlarının əməkdaşları Azərbaycana yığılır. Bu tədbirlərin Azərbaycanda keçirilməsinin önəmi ondan ibarətdir ki, ümumiyyətlə, böyük bölgəmiz, regional situasiya, Böyük Qafqaz, Xəzər dənizi, böyük Avrasiya regionunun yaxın gələcəkdə üzləşəcəyi təhdidlər, problemlərin çözüm yolları, həll yolları, təhlükəsizlik, kəşfiyyat xidməti orqanları arasında informasiya mübadiləsi, əməkdaşlıq məsələləri hamısı kompleks şəkildə nəzərdən keçirilir, əməkdaşlıq üçün imkanlar açılır”.
Tural Gəncəliyev Azərbaycanın müxtəlif güc mərkəzləri arasında əməkdaşlıq imkanları yaradan tərəfdaş rolunda çıxış etdiyini bildirib: “Azərbaycanın həm də önəmi ondan ibarətdir ki, müxtəlif güc mərkəzləri arasında, konfrontasiya edən ölkələr arasında yeganə etibarlı tərəfdaş, partnyor Azərbaycan çıxış edir. Məsələn, böyük müharibə iştirakçılarına baxsaq, istər Yaxın Şərqdə – Amerika, İran, İsrail, Yaxın Şərq və Körfəz ölkələri, istər Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiya, ABŞ, Avropa İttifaqı, NATO-nun Avropa üzvləri – yəni bunların hamısı Azərbaycana, ölkəmizə çox önəm verirlər, çox xüsusi rəğbətlə yanaşırlar”.
“Çünki Azərbaycan bütün bu güc mərkəzləri ilə çox önəmli əməkdaşlıq qurub, çox önəmli körpü kimi, bağlayıcı halqa rolunu oynaya bilir. Çünki bizim həyata keçirdiyimiz siyasət bizə imkan verir ki, konstruktiv siyasətimizi bütün tərəfdaşlar qəbul edirlər”, - deyə deputat vurğulayıb.
Deputat forumun keçirilməsini müsbət qiymətləndirərək Azərbaycanın müxtəlif sahələrdə beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini qeyd edib: “Ona görə belə bir forumun bir daha keçirilməsini təqdirəlayiq hesab etmək olar və bir daha göstərir ki, Azərbaycan siyasi, diplomatik, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və digər mövzularda bir haba çevrildiyi kimi, təhlükəsizlik, xüsusi xidmət orqanları, kəşfiyyat orqanlarının əməkdaşlıq edəcəyi, fikir mübadiləsi aparacağı və təkcə burada xüsusi xidmət orqanları deyil, ümumiyyətlə, təhlükəsizlik, böyük anlamda, qlobal anlamda tematikasında, mövzusunda əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bir məkana çevrilib. Biz IV Bakı Təhlükəsizlik Forumunda da bunu görürük”.
Nigar Xəlilli
19:00 22.09.2026
Oxunuş sayı: 46