Fransa Ukraynaya raketlər və radarlar göndərəcək
Fransa Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün radarlar və raket-interseptorlar göndərəcək.
Crossmedia.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Makron bildirib ki, Fransa qış dövründə Ukraynaya dəstək verəcək və bunun çərçivəsində hava hücumundan müdafiə imkanlarını gücləndirəcək. Onun sözlərinə görə, radarların və raket-interseptorların tədarükü ilə bağlı müqavilə imzalanıb.
Fransa Prezidenti bu dəstəyi ABŞ Prezidenti Donald Trampla müzakirə etdiyini qeyd edib. Tərəflər həmçinin enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı mümkün “enerji atəşkəsi” və Qara dənizdə hərbi əməliyyatların dayandırılması məsələlərini müzakirə ediblər.
Makron bu təşəbbüsləri dəstəklədiyini və onların bərpası gözlənilən danışıqlarda əsas məsələlərdən biri olduğunu bildirib. O, danışıqların “ədalətli və davamlı sülhə” gətirib çıxarmalı olduğunu vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək tədbirlər öncəsi Makronla görüşüb. Zelenskinin sözlərinə görə, görüşdə təhlükəsizlik məsələləri və Ukrayna üçün qış dəstəyi paketi müzakirə olunub.
Zelenski həmçinin Ukraynanın Avropa İttifaqının ayırdığı kredit çərçivəsində maliyyə imkanlarından istifadə etməklə əlavə SAMP/T hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlər almağa hazır olduğunu bildirib.
Fransa və Ukrayna iyul ayında hava və raketdən müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib. Həmin razılaşmaya əsasən, Ukraynanın dörd yeni nəsil SAMP/T sisteminin alınması, həmçinin Aster 30 raketlərinin Ukraynada lisenziya əsasında istehsalı nəzərdə tutulur. Fransa və İtaliya Aster 30 raketlərinin tədarükünü 2026-cı ilin oktyabrına qədər sürətləndirmək barədə də qərar qəbul edib.
14:29 22.09.2026
Oxunuş sayı: 28