Rusiya Estoniya sərhədində hərəkəti məhdudlaşdırdı
Rusiya Estoniya ilə sərhəddə yerləşən Leninqrad vilayətinin Kinqisepp və Slantsı rayonlarında müvəqqəti hərəkət məhdudiyyətləri tətbiq edib. Tədbirlər sentyabrın 16-dan 26-dək qüvvədə olacaq.
Crossmedia.az xəbər verir ki, “ERR” bu barədə məlumat yayıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin məlumatına görə, məhdudiyyətlərin məqsədi sərhəd və miqrasiya qaydalarının pozulmasının qarşısını almaq və su bioloji resurslarının mühafizəsini gücləndirməkdir.
Məhdudiyyətlərə əsasən, sərhəd boyunca 5 kilometrlik zolaqda gecə saatlarında yaşayış məntəqələrindən kənarda insanların və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmir. Həmçinin Kinqisepp və Slantsı rayonlarının sərhədyanı ərazilərində ov etmək və odlu silahla hərəkət etmək qadağan edilib.
Narva çayının müəyyən hissəsində də əlavə məhdudiyyətlər tətbiq olunub. Böyük Çeryomuxa və Kriuşa çayları arasındakı ərazidə sahil zolağında insanların olması, həmçinin kiçik ölçülü qayıq və digər üzmə vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.
Estoniya sərhəd xidməti vəziyyəti izlədiyini və mümkün insidentlərə operativ reaksiya verməyə hazır olduğunu bildirib. Estoniyanın daxili işlər naziri İqor Taro isə hazırda ölkə üçün birbaşa təhlükə görmədiklərini və təhlükə qiymətləndirməsinin dəyişmədiyini deyib.
Estoniya tərəfi qeyd edib ki, Rusiyanın sərhəd zonasındakı gündəlik rejimi onsuz da Estoniyadakından daha sərtdir. Buna görə tətbiq edilən yeni tədbirlər əlavə və müvəqqəti məhdudiyyətlər kimi qiymətləndirilir.
13:58 22.09.2026
Oxunuş sayı: 41