Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub
Moskvadakı İttifaqlar Evinin Sütunlu zalında Rusiyanın görkəmli dövlət xadimi, 1992-2010-cu illərdə RF paytaxtının meri vəzifəsində çalışmış Yuri Lujkovun anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə axşamı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Rusiyanın rəsmi şəxsləri, ictimai xadimlər, Yuri Lujkovun ailə üzvləri, onun həmkarları və dostları iştirak ediblər.
Ölkəmizin Rusiyadakı səfiri Rəhman Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətinin mətnini oxuyub.
Müraciətdə qeyd olunur ki, Azərbaycanda Yuri Lujkovu iki ölkənin xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, həmçinin Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin inkişafına mühüm töhfələr verən əsl dost kimi tanıyır və dərin hörmət bəsləyirlər.
Daha sonra vurğulanır ki, Yuri Lujkovla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev arasındakı şəxsi münasibətlər və qarşılıqlı hörmət Azərbaycan ilə Rusiya arasında əlaqələrin genişləndirilməsinə mühüm töhfə verib.
12:48 22.09.2026
Oxunuş sayı: 40