ABŞ, Danimarka və Qrenlandiya Arktika üzrə yeni razılaşma imzalayacaq
ABŞ, Danimarka və Qrenlandiya Arktika və Şimali Atlantikada təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutan yeni razılaşma imzalamağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə Danimarka Baş Nazirinin Aparatı məlumat yayıb.
Razılaşmanın sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində imzalanması gözlənilir. Danimarka hökumətinin məlumatına görə, sənəd Arktika və Şimali Atlantika regionunda ümumi təhlükəsizliyin gücləndirilməsinə yönəlib. Razılaşma imzalandıqdan sonra qüvvəyə minməsi üçün müvafiq parlament prosedurlarından keçməlidir.
Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, razılaşma Arktikada təhlükəsizliyi gücləndirməklə yanaşı, Danimarka Krallığının suverenliyini, ərazi bütövlüyünü və Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququnu tanıyır.
Bu razılaşma ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın təhlükəsizliyi məsələsində Vaşinqtonun daha geniş rol alacağını açıqlamasından sonra gündəmə gəlib. Danimarka hökuməti isə Qrenlandiyanın statusu və suverenliyi ilə bağlı qərarların Danimarka və Qrenlandiyanın özünə aid olduğunu vurğulayıb.
23:10 21.09.2026
Oxunuş sayı: 48