Papa XIV Leo: Süni intellekt sülhə xidmət etməlidir
Roma Papası XIV Leo süni intellektin insan ləyaqətinə xidmət etməli, sülhün möhkəmlənməsinə töhfə verməli və onun inkişafı müdriklik və xeyirxahlıq prinsipləri ilə istiqamətləndirilməlidir.
Crossmedia.az xəbər verir ki, Vatikanın “Vatican News” portalı bu barədə məlumat yayıb.
Papa bu fikirləri Romada keçirilən AI4Peace konfransının ilk buraxılışına ünvanladığı müraciətdə səsləndirib. O bildirib ki, münaqişə və parçalanmaların müşahidə olunduğu dünyada süni intellektin inkişafı yalnız texniki biliklərlə məhdudlaşmamalı, insan ləyaqətinə əsaslanan yanaşma ilə müşayiət olunmalıdır.
XIV Leo vurğulayıb ki, texnoloji inkişaf müdriklik və xeyirxahlıqdan ilhamlanan baxış tələb edir. Onun sözlərinə görə, süni intellektin hazırlanması və istifadəsi insanların rifahına xidmət etdiyi halda sülhə töhfə verə bilər.
Papa iştirakçıları süni intellektin insanlar və xalqlar arasında dialoq, barışıq və həmrəyliyin gücləndirilməsinə necə xidmət edə biləcəyini araşdırmağa çağırıb.
O qeyd edib ki, texnoloji yeniliklərin nəticələri sülh vasitələrinə çevrilməlidir.
Son dövrlərdə süni intellektin imkanlarının gözləniləndən daha sürətlə genişlənməsi ilə bağlı bir sıra hadisələr və texnologiya sahəsində çalışan mütəxəssislərin xəbərdarlıqları bu sahədə inkişafın sürətinin azaldılması və daha sərt tənzimləmələrin tətbiqi ilə bağlı çağırışları artırıb.
17:58 21.09.2026
Oxunuş sayı: 66