Siqaretin gizli hədəfi: ana və ata olmaq
Ümumdünya Səhiyyə Təşkilatı tütün istifadəsinin reproduktiv sağlamlığa təsiri ilə bağlı 2000–2026-cı illəri əhatə edən yeni məlumatlarını yayıb. Təşkilatın açıqlamasında siqaretin həm qadınların, həm də kişilərin uşaq sahibi olmaq imkanlarına mənfi təsir göstərə biləcəyi bildirilir. Araşdırmaların icmalına əsasən, hazırda siqaret çəkən qadınlarda sonsuzluq riski siqaret çəkməyənlərlə müqayisədə 40 faiz daha yüksək ola bilər. Keçmişdə siqaret çəkib sonradan tərgidən qadınlarda isə sonsuzluq riskinin hazırda siqaret çəkənlərlə müqayisədə 25 faiz daha aşağı olduğu qeyd edilir.
Problem yalnız qadınlarla məhdudlaşmır. ÜST-nin 60 mindən çox kişini əhatə edən 44 araşdırmanın icmalına istinadən verdiyi məlumatda siqaret çəkən kişilərdə problemlərin daha çox müşahidə olunduğu bildirilir. Tütün tüstüsünə passiv məruz qalmanın da reproduktiv sağlamlığa təsir göstərə biləcəyi vurğulanır. Bundan başqa, siqaret istifadəsinin sonsuzluq müalicələrinin, o cümlədən köməkçi reproduktiv texnologiyaların nəticələrinə mənfi təsir göstərə biləcəyi qeyd olunur. Elektron siqaret, qəlyan və digər tütün məhsullarının fertilliyə təsiri ilə bağlı isə əlavə araşdırmalara ehtiyac olduğu bildirilir.
Bəs siqaret qadın və kişi orqanizmində reproduktiv sistemə hansı mexanizmlərlə təsir edir və tütün istifadəsindən imtina etdikdən sonra bu təsirlərin hansı hissəsini bərpa etmək mümkündür?
Mövzu ilə bağlı terapevt Zakir Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, siqaret həm qadın, həm də kişi sonsuzluğuna bir neçə mexanizmlə təsir edir: nikotin, karbonmonoksid, ağır metallar və digər toksinlər oksidativ stress və iltihab yaradaraq yumurta və sperm hüceyrələrinin DNT-sini zədələyir:

"Qadınlarda follikulların itkisini sürətləndirə, yumurtalıq ehtiyatını və estrogen istehsalını azalda, ovulyasiyanı, uşaqlıq borularının fəaliyyətini və embrionun uşaqlığa yapışmasını poza, erkən menopauza və düşük riskini artıra bilər; kişilərdə isə sperm sayı, hərəkətliliyi və normal quruluşu azala, sperm DNT fraqmentasiyası arta, testosteron və damar funksiyasındakı dəyişikliklər ereksiyaya mənfi təsir göstərə bilər. Nəticədə təbii hamiləlik ehtimalı və süni mayalanma müalicələrinin uğuru aşağı düşə bilər; passiv siqaret tüstüsü də risksiz deyil. Siqareti tərgitdikdən sonra yaxşılaşma mümkündür: kişilərdə yeni sperm yaranma dövrü təxminən üç ay çəkdiyi üçün sperm göstəricilərində dəyişikliklər adətən ən tez 3 ay sonra, bəzən 6–12 ay ərzində görünür; qadınlarda qan dövranı, hormonal mühit, ovulyasiya və uşaqlıq daxili mühit zamanla yaxşılaşa, hamiləlik və müalicə nəticələri müsbət dəyişə bilər. Lakin artıq itirilmiş yumurtalıq follikulları geri yaranmır və uzunmüddətli istifadənin bütün zərərləri tam bərpa olunmaya bilər; buna görə mümkün qədər tez tərgitmək daha faydalıdır.
Siqareti azaltmaqdan çox tam dayandırmaq, elektron siqareti təhlükəsiz əvəz hesab etməmək və hər iki partnyorun tüstüdən uzaq durması məqsədəuyğundur. Bir il qorunmasız əlaqəyə baxmayaraq hamiləlik baş vermirsə, qadın 35 yaşdan yuxarıdırsa altı aydan sonra, yaxud menstrual pozuntu və məlum reproduktiv problem varsa daha tez ginekoloq-reproduktoloq və ya androloqa müraciət edilməlidir”.
Zeynəb Həsən
16:00 21.09.2026
Oxunuş sayı: 59