Türkiyədə istehsal güclərindən istifadə artıb
Türkiyənin emal sənayesində istehsal güclərindən istifadə səviyyəsi sentyabr ayında 0,7 faiz bəndi artaraq 74,2 faizə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Mərkəzi Bankı məlumat yayıb.
Əsas sənaye qrupları arasında ən yüksək göstərici aralıq məhsulları istehsalında qeydə alınıb. Bu sahədə istehsal güclərindən istifadə 74,5 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,2 faiz bəndi azdır
Davamlı istehlak malları qrupunda isə göstərici 66,4 faiz olub. Bu, aylıq müqayisədə 1,8 faiz bəndi azalma deməkdir.
Sektorlar üzrə ən yüksək istehsal gücündən istifadə göstəricisi 83,7 faizlə ağac məhsullarının istehsalında qeydə alınıb. Ən aşağı göstərici isə 59,8 faizlə dəri sənayesində olub.
Məlumatlar Türkiyədə fəaliyyət göstərən istehsal müəssisələri arasında keçirilən biznes meyilləri sorğusunun nəticələrinə əsaslanır. Türkiyə Mərkəzi Bankının məlumatına görə, sentyabr sorğusunda 1 982 şirkət iştirak edib.
Qeyd olunub ki, təqdim edilən göstəricilər Mərkəzi Bankın mövqeyini və ya gələcəklə bağlı proqnozlarını əks etdirmir.
12:33 21.09.2026
Oxunuş sayı: 44