Pakistanın Əfqanıstana zərbələri gərginliyi yenidən artırıb
Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şimal-şərqində yerləşən Kunar vilayətinə endirdiyi hava zərbələri nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, məlumatı “Reuters” “Tolo News”a istinadən yayıb.
Hadisə sentyabrın 21-də səhər saatlarında Kunar vilayətinin Nurqal rayonunda baş verib. Əfqanıstan rəsmilərinin məlumatına görə, zərbələrdən biri yaşayış evinə düşüb. Nəticədə bir ailənin üç üzvü həlak olub, daha dörd nəfər yaralanıb.
Pakistan hərbçiləri zərbələrin məqsədinin silahlı qrupların Əfqanıstandakı mövqeləri olduğunu bildiriblər. Pakistan tərəfi 28 silahlının öldürüldüyünü açıqlayıb, lakin bu məlumat müstəqil şəkildə təsdiqlənməyib.
Zərbələr zamanı Əfqanıstanın Paktika vilayətinin Bərmal rayonunda da iki ərazi hədəfə alınıb. Məlumata görə, burada mağaza və boş yaşayış evi dağılıb, ölən və yaralanan olmayıb.
Əfqanıstan hakimiyyəti hücumları pisləyib və ölkənin Pakistanın hərbi müdaxiləsinə cavab verəcəyini bildirib. Kabil eyni zamanda Pakistanın Əfqanıstan ərazisində fəaliyyət göstərən silahlı qruplarla bağlı ittihamlarını rədd edir.
Hadisə iki ölkə arasında aylarla davam edən gərginliyin yenidən artması fonunda baş verib. Tərəflər arasında fevral ayında son illərin ən ağır hərbi qarşıdurmalarından biri yaşanmışdı.
11:29 21.09.2026
Oxunuş sayı: 49