Tramp Yaxın Şərqdə gərginlik fonunda Kemp-Deviddən Ağ Evə qayıdıb
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Kemp-Devid iqamətgahından planlaşdırıldığından əvvəl Ağ Evə qayıdıb.
Crossmedia.az xəbər verir ki, “The Hill” bu barədə məlumat yayıb.
Kemp-Devid ABŞ prezidentinin Merilend ştatının Katoktin dağları ərazisində yerləşən istirahət iqamətgahıdır. Vaşinqtondan təxminən 100 kilometr məsafədə yerləşən iqamətgaha helikopterlə təxminən 30 dəqiqəyə çatmaq mümkündür.
Ağ Evin jurnalist qrupunun məlumatına görə, Tramp dünən yerli vaxtla saat 20:00-dan bir qədər əvvəl Kemp-Deviddən Vaşinqtona uçub. Halbuki ABŞ Prezidenti iqamətgahı bazar günü tərk etməyi planlaşdırırdı. Administrasiya onun səfərini niyə vaxtından əvvəl başa vurduğunu açıqlamayıb.
Trampın Vaşinqtona qayıtması ABŞ Dövlət Departamentinin Yaxın Şərqdəki amerikalıları “yüksək sayıqlıq” nümayiş etdirməyə və İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda mümkün nəqliyyat məhdudiyyətlərinə hazır olmağa çağırmasından sonraya təsadüf edib.
“Bu hərbi münaqişə sürətlə kəskinləşə bilər”, – deyə Dövlət Departamentinin açıqlamasında bildirilib.
Səudiyyə Ərəbistanı Trampın Kemp-Deviddə olduğu müddətdə Yəmən husilərinin Ər-Riyadı ballistik raketlə hədəfə almağa cəhd etdiyini təsdiqləyib.
Husilərin nümayəndəsi, briqada generalı Yəhya Səri isə qruplaşmanın krallığın paytaxtına və “Saudi Aramco” şirkətinin Yənbudakı obyektlərinə zərbələr endirmək üçün çoxsaylı ballistik və qanadlı raketlərdən, eləcə də PUA-lardan istifadə etdiyini bildirib.
12:39 20.09.2026
Oxunuş sayı: 50