Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Azərbaycan Türk dünyasının birliyini və geostrateji güc mərkəzi kimi formalaşmasını xarici siyasətinin əsas prioritetlərindən biri hesab edir. TDT çərçivəsində üzv dövlətlərlə - Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzvlərlə ikitərəfli müttəfiqlik münasibətlərini dərinləşdirir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev hər zaman Türk Dövlətləri Təşkilatının gələcəyinə böyük inamını ifadə edir. 2024-cü ilin fevralında müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev andiçmə mərasimində ayrı-ayrı sahələrdə Azərbaycanın uğurları fonunda qarşıda dayanan hədəfləri açıqlayarkən bir daha bu çağırışı etdi ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, son günlər Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən tədbirlər də Azərbaycanla bu təşkilat arasında münasibətlərin aydın mənzərəsini təqdim edir. Prezident İlham Əliyevin sentyabrın 15-də TDT-nin Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının, sentyabrın 17-də isə TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul etməsi özündə mühüm məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində qeyd edildiyi kimi, qardaş xalqlarımızı ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr möhkəm ailə kimi birləşdirir. Təbii müttəfiqliyimizi rəsmiləşdirən Türk Dövlətləri Təşkilatı geniş coğrafi məkanda yerləşən, nəhəng siyasi və iqtisadi potensialı əhatə edən dost və qardaş ölkələrimizin birliyinin və səmərəli qarşılıqlı fəaliyyətinin bariz nümunəsidir. Bu gün Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur. Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və dövlətlərimizin böyük nailiyyətidir. O da vurğulanır ki, bizim sarsılmaz dostluğumuz və qardaşlığımız bu gün vahid ailəmiz olan Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu və potensialını, Təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdəndir.
Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul edərkən bir daha bu reallıqlardan geniş bəhs edərək təşkilatın gələcəyinə xidmət edən çağırışlarını diqqətə çatdırdı. Bildirdi ki, Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil.
Millət vəkili təşkilata üzv ölkələrin böyük təbii ehtiyatlara malik olduğunu önə çəkərək bu resursların dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət etdiyini, həmçinin bütün dünya üçün mühüm rol oynadığını vurğulayıb. Azərbaycanın timsalında qeyd edə bilərik ki, ölkəmiz zəngin təbii resurslara malikdir. Onlardan səmərəli istifadənin təmin edilməsi üçün həyata keçirilən enerji layihələri həm iştirakçı, həm də digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə davamlı töhfələr verir. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini günbəgün möhkəmləndirir. Bu gün etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanması da bütün məqamlara aydınlıq gətirir. Azərbaycan həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının beynəlxalq bazarlara tranzitini həyata keçirir. Avropa ilə Asiyanın qovşağında yerləşən, həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərini real addımlarında təsdiqləyən Azərbaycanın coğrafi mövqeyi ölkələrlə nəqliyyat və enerji layihələri əsasında əlaqələrini daha da möhkəmləndirir. Azərbaycan dünyaya təkmil əməkdaşlıq modelini təqdim edir.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısının sözügedən qəbulda diqqət göstərdiyi məqamlardan biri təbii ki, TDT-nin ümumi etnik köklərə malik ölkələri birləşdirməsidir. Ölkə Prezidenti vurğuladı ki, dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər, bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı öz növbəsində Türk Dövlətləri Təşkilatında sıx birliyi, həmrəyliyi şərtləndirir. Yenə də ölkəmizin timsalında bu məqamı qeyd etmək istərdik ki, qarşılıqlı səfərlər, imzalanan sənədlər ikitərəfli əlaqlərin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin təşkilata üzv ölkələrə çoxsaylı səfərləri, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri bunun bariz göstəricisidir. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin üstünlükləri sırasında bu məqamı xüsusi vurğuladı ki, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır. Lakin TDT məkanında müsbət dinamikanı - həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir.
Millət vəkili bildirib ki, Azərbaycanın regional təhlükəsizliyin təmin edilməsinə töhfələri daim diqqətdədir. Dövlət başçısının çıxışında da bu məsələ xüsusi vurğulandı. Bildirildi ki, bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi hamımız üçün həyati əhəmiyyət daşıyır. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, ölkələrinizin təhlükəsizlik şuralarının rəhbərləri kimi qarşınızda duran vəzifələr, təbii ki, kifayət qədər böyükdür. Düşünürəm ki, 5-ci iclas çərçivəsində həm məlumat, həm də təcrübə mübadiləsi aparılacaq. Hesab edirəm ki, zəif yerlərimizin harada olduğunu, bizə zərər vurmağa çalışan yad ünsürlərin nüfuz edə biləcəyi, necə deyərlər, hansı pəncərələrin mövcud olduğunu müəyyənləşdirmək faydalı olacaq.
Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə bildirib ki, Türk dünyasının birliyi, həmrəyliyi bütün dövrlərdə öz aktuallığını qoruyur. Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik təşkilatdır. Təşkilat çərçivəsində müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Hamımız bunda maraqlıyıq.
16:26 19.09.2026
Oxunuş sayı: 46