Süni dırnağın yaratdığı inanılmaz xəstəlikər
Manikür, gel və süni dırnaq prosedurlarının geniş yayılması onların sağlamlığa mümkün təsirlərini də gündəmə gətirir. Dermatoloqların məlumatına görə, xüsusilə akril və gel dırnaqların tez-tez tətbiqi təbii dırnaqların nazilməsi, kövrəkləşməsi və qırılması ilə yanaşı, dəri qıcıqlanması və allergik reaksiyalara səbəb ola bilər. Bundan əlavə, prosedur zamanı dırnaq ətrafındakı dərinin zədələnməsi və alətlərin düzgün sterilizasiya olunmaması infeksiya riskini artıra bilər. Gel dırnaqlarda istifadə olunan UV lampalarla bağlı da müzakirələr mövcuddur, lakin hazırkı araşdırmalar bu məruz qalmanın xərçəng riskinin ümumilikdə aşağı olduğunu göstərir. Bu baxımdan əsas məsələ dırnaq prosedurlarının nə qədər tez-tez edilməsi, istifadə olunan məhsullar və tətbiq qaydalarının təhlükəsizliyidir.
Crossmedia.az-a açıqlamasında dermatoloq Tünzalə Əzizli süni dırnaqlardan və gel örtüklərindən uzunmüddətli istifadənin dırnaq ətrafında müxtəlif dermatoloji problemlərə səbəb ola biləcəyini bildirib:
“Ümumiyyətlə, bu gün süni dırnaqların istifadəsi zamanı kimyəvi tərkibli maddələrdən istifadə olunur. Bu gellərin qurudulması üçün ultrabənövşəyi şüalardan istifadə edilir. Daimi istifadə zamanı dırnaq ətraflarında kontakt allergik dermatit, müxtəlif göbələk xəstəlikləri, eyni zamanda onixodistrofiya, onixoqrifoz kimi dırnaq zədələnmələri müşahidə oluna bilər”, - deyə dermatoloq qeyd edib. Onun sözlərinə görə, bu prosedurlar arasında fasilə vermək və mümkün qədər məcburiyyət olmadığı halda süni dırnaq və gel istifadəsindən uzaq durmaq lazımdır: “Əgər istifadə olunursa, daimi olaraq ən azı üç həftədən bir yenilənməlidir. Çox saxlamaq olmaz, aylarla dırnaqda saxlamaq olmaz həmin o gelləri”.
Dermatoloq dırnaqların öz möhkəmliyinə diqqət yetirməyin vacibliyini də vurğulayıb. O bildirib ki, orqanizmdə hər hansı mikroelement çatışmazlığı varsa, bunun bərpa olunmasına çalışmaq və dırnaq zədələnmələrinin qarşısını almaq üçün müalicəvi preparatlardan istifadə etmək mümkündür.
Nigar Xəlilli
19:30 19.09.2026
Oxunuş sayı: 44