Süni intellektin SƏHVİ az qala ABŞ-Çin toqquşmasına səbəb olacaqdı
Süni intellektin səhv məlumatı ABŞ-ni Çin gəmisi ilə bağlı hərbi əməliyyata yaxınlaşdırıb.
ABŞ ordusu süni intellektin köməyi ilə hazırlanmış səhv kəşfiyyat hesabatına əsasən, Yaxın Şərqdə Çin gəmisini ələ keçirməyə hazırlaşıb.
Crossmedia.az xəbər verir ki, CNN bu barədə məlumat yayıb.
Hadisə bu ilin yazında, ABŞ və İran arasında müharibənin davam etdiyi dövrdə baş verib. ABŞ hərbçiləri arasında yayılan kəşfiyyat hesabatında Yaxın Şərqdə hərəkət edən Çin gəmisinin nüvə silahı proqramı ilə əlaqəli komponentlər daşıdığı bildirilib.
Məlumata ciddi yanaşan ABŞ hərbçiləri gəmini saxlamaq və yoxlamaq üçün əməliyyat hazırlamağa başlayıblar. CNN-in danışdığı mənbələrdən ikisinin sözlərinə görə, silahlı hərbçilər gəmiyə çıxmağa hazırlaşıb, hərbi təyyarələr isə artıq havaya qaldırılıb.
Əməliyyatın başlamasına az müddət qalmış hesabat daha ətraflı yoxlanılıb. Bundan sonra məlum olub ki, sənəd Xüsusi Əməliyyatlar Komandanlığının analitiki tərəfindən süni intellektin köməyi ilə hazırlanıb və istifadə edilən çat-bot gəminin daşıdığı yükü səhv müəyyənləşdirib.
CNN gəmidə əslində hansı yükün olduğunu müəyyənləşdirə bilməyib.
Mənbələrdən biri hesabatı “tamamilə yanlış” adlandırıb və onun ABŞ ilə Çin arasında hərbi qarşıdurmaya səbəb ola biləcəyini bildirib.
Məlumata görə, analitik gəminin yük manifesti ilə bağlı məlumatları təhlil etmək üçün çat-botdan istifadə edib. Süni intellekt açıq mənbələrdən əldə olunan məlumatları ABŞ hökumətinin məxfi siqnal kəşfiyyatı məlumatları ilə birləşdirərək səhv nəticəyə gəlib.
Analitik daha sonra süni intellektdən istifadə etməklə əldə olunan nəticələri standart kəşfiyyat hesabatı formasına salıb və sənəd hərbi kanallar vasitəsilə yayılıb.
Hadisə ABŞ ordusu və kəşfiyyat strukturlarında süni intellektdən istifadə ilə bağlı riskləri də gündəmə gətirib. CNN qeyd edir ki, ABŞ hərbi və kəşfiyyat qurumları süni intellekti xammal kəşfiyyat məlumatlarının təhlilindən tutmuş hədəflərin müəyyənləşdirilməsi, logistika və təchizat zəncirinin idarə edilməsinə qədər müxtəlif sahələrdə tətbiq etməyə çalışır.
Bu hadisə isə süni intellektin səhv nəticələrinin hərbi qərarlara daxil edilməsinin ciddi nəticələrə səbəb ola biləcəyini göstərib.
15:56 19.09.2026
Oxunuş sayı: 39