Pentaqon: Köhnə məlumatlar İranda məktəbə zərbəyə səbəb olub
Pentaqonun araşdırmasına görə, ABŞ-nin İranın Minab şəhərində məktəbə endirdiyi və 123 uşağın ölümü ilə nəticələnən zərbəyə köhnəlmiş kəşfiyyat məlumatları, aktual olmayan peyk görüntüləri və süni intellekt sistemlərindən həddindən artıq asılılıq təsir edib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə araşdırmada iştirak edən ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, fevralın 28-də Minab şəhərində yerləşən Şəcərə Tayyibə ibtidai məktəbinə iki “Tomahawk” raketi düşüb. Zərbə nəticəsində 150-dən çox insanın öldüyü, onların arasında 123 uşağın olduğu bildirilir.
Araşdırma zamanı məktəbin yerləşdiyi ərazi ilə bağlı kəşfiyyat məlumatlarının yenilənmədiyi müəyyənləşdirilib. Ərazi əvvəllər hərbi obyektin tərkibində olsa da, sonradan divarlarla ayrılıb və məktəb kimi fəaliyyət göstərib. Bununla bağlı dəyişikliklərin peyk görüntülərində illər əvvəl əks olunduğu bildirilsə də, məlumatlar əsas hədəf bazasına düzgün şəkildə ötürülməyib.
ABŞ Mərkəzi Komandanlığının bəzi əməkdaşlarının hədəflərlə bağlı məlumatların köhnə və ya ziddiyyətli olması hallarını müəyyənləşdirmək üçün “Palantir” şirkətinin Maven Smart System süni intellekt sisteminə həddindən artıq güvəndiyi də qeyd olunur. Lakin sistemə daxil edilən ilkin məlumatlar yanlış olduqda süni intellektin də bu səhvi aradan qaldıra bilmədiyi vurğulanır.
“Palantir” isə hədəfləndirmə üçün istifadə olunan ilkin məlumatlara və həmin məlumatlardakı çatışmazlıqların müəyyən edilməsinə görə məsuliyyət daşımadığını bildirib. Şirkətin açıqlamasına görə, onun proqram təminatının səhvə səbəb olduğunu göstərən sübut yoxdur.
Məlumata görə, zərbədən sonra şirkət hədəflərlə bağlı ilkin məlumatları yenidən yoxlamaq, hədəfin vurulmasına mane ola biləcək amilləri və insanların nəzərindən qaça biləcək uyğunsuzluqları müəyyənləşdirmək üçün yeni alətlər hazırlayıb.
Bundan əvvəl “The Washington Post” və “Los Angeles Times” da məktəbin ABŞ-nin hədəf siyahısında olduğunu və obyektin köhnə məlumatlar əsasında hərbi obyekt kimi qiymətləndirilmiş ola biləcəyini yazıb.
BMT-nin İran üzrə faktaraşdırıcı missiyası isə sentyabrın 17-də Minabdakı məktəbə zərbə də daxil olmaqla iki ABŞ hava hücumu ilə bağlı ABŞ-nin hərbi cinayətlər törətmiş ola biləcəyinə dair əsaslı qənaətə gəldiyini açıqlayıb. Missiyanın məlumatına görə, Minabdakı hücumda azı 178 mülki şəxs həlak olub.
13:19 19.09.2026
Oxunuş sayı: 62