ABŞ Ukraynaya yeni silahlar verir: 2,7 milyard dollar dəyərində
ABŞ Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi və müvafiq silah-sursatın alınmasını nəzərdə tutan 2,7 milyard dollarlıq mümkün hərbi satışa razılıq verib.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi bildirişə istinadən məlumat yayıb.
Təklif olunan razılaşma hələ ABŞ Konqresində nəzərdən keçirilməlidir. Sənəd təsdiqlənəcəyi təqdirdə Ukraynanın hava hücumundan müdafiə imkanlarının inkişafı və modernləşdirilməsi üçün müxtəlif avadanlıq və silah sistemlərinin alınması nəzərdə tutulur.
Paketə S-300 sistemlərinə bənzər raketlər, GAM-67 raketləri, artırılmış mənzilə malik lazerlə idarə olunan hava hücumundan müdafiə raket sistemləri, buraxılış qurğularının və mobil buraxılış sistemlərinin modernləşdirilməsi üçün dəstlər, eləcə də pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri üçün radarlar daxildir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, razılaşma yekunlaşarsa, Ukrayna ödənişi Avropa ölkələrinin ayırdığı vəsaitlər və ABŞ-nin əvvəlki prezident Co Baydenin administrasiyası dövründə ayrılmış Xarici Hərbi Maliyyələşdirmə proqramının vəsaitləri hesabına həyata keçirəcək.
Məlumata görə, ABŞ-nin Xarici Hərbi Maliyyələşdirmə vəsaitləri Ukraynanın Bərpası üzrə İnvestisiya Fonduna ABŞ-nin kapital töhfəsi kimi, birəbir kompensasiya mexanizmi ilə hesablanacaq. Bu fond ABŞ və Ukrayna arasında ötən il imzalanmış faydalı qazıntılarla bağlı saziş çərçivəsində yaradılıb.
Razılaşmanın qüvvəyə minməsi üçün Konqresin baxışı və təsdiqi tələb olunur.
11:28 19.09.2026
Oxunuş sayı: 41