İranın ticarətinə AĞIR ZƏRBƏ: Daşımalarının qiyməti kəskin artıb
İran Hörmüz boğazındakı blokadanın yaratdığı problemləri azaltmaq üçün ticarətin böyük hissəsini quru marşrutlarına yönəltməyə çalışsa da, bu plan ciddi logistika problemləri ilə üzləşib.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, yüzlərlə iranlı yük maşını sürücüsü Pakistan, Türkiyə, Türkmənistan və Əfqanıstanla sərhədlərdə gözləməli vəziyyətdə qalıb. Sürücülər sərhəd-keçid məntəqələrində bürokratik maneələr və artan xərclərlə üzləşirlər.
Quru daşımalarının bahalaşması İranın ticarətinə əlavə təzyiq yaradır. “The Wall Street Journal”ın məlumatına görə, Çindən İrana bir konteynerin quru yolu ilə daşınmasının qiyməti təxminən 12 min dollara çatıb. Dəniz yolu ilə daşınmanın əvvəlki qiyməti isə təxminən 3 min dollar olub.
İran son aylarda şimal istiqamətindəki limanlar, dəmir yolları və quru sərhəd keçidlərindən istifadəni artırmağa çalışır. Lakin mövcud infrastruktur və sərhədlərdə yaranan tıxaclar dəniz yolu ilə daşımaların tam əvəzlənməsinə imkan vermir
Bəzi yüklərin uzun müddət sərhədlərdə qalması məhsulların xarab olması riskini də artırır. Mütəxəssislərin fikrincə, alternativ marşrutların genişləndirilməsi İranın ticarət axınlarının müəyyən hissəsini təmin edə bilər, lakin Hörmüz boğazından keçən dəniz daşımalarının həcmini tam əvəz etmək çətindir.
17:58 17.09.2026
Oxunuş sayı: 44