Qafqaz Albaniyasının xristian irsi: Azərbaycanın tarixi yaddaşından beynəlxalq gündəmə
Qafqaz Albaniyasının xristian irsi ilə bağlı mövzu Azərbaycanın tarixi və mədəni irsinin beynəlxalq platformalarda təqdimatı baxımından yenidən gündəmə gəlib. Prezidentin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev Ərəb Media Forumunda çıxışı zamanı Qafqaz Albaniyasının qədim xristian irsindən danışaraq bu irsin izlərinin Qarabağda və Azərbaycanın digər bölgələrində qorunduğunu bildirib. Hacıyev Azərbaycanın çoxəsrlik multikulturalizm və dini birgəyaşayış ənənəsinə diqqət çəkib, ölkənin dini və mədəni irsin mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq qorunması və bərpasına sadiq olduğunu vurğulayıb. Onun açıqlaması Qarabağ və digər bölgələrdəki xristian irsinin qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması məsələlərini də yenidən müzakirəyə çıxarır.
AMEA Tarix və Etnologiya İnstitutunun dosenti Mübariz Ağalarlı Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan xalqının etnogenezində və mənəvi tarixində mühüm yer tutan Qafqaz Albaniyası əhalisi əsrlər boyu xristian dininə etiqad edərək zəngin sivilizasiya yaradıb: "Qafqazda, xüsusilə Şimali Azərbaycanda xristianlıq eramızın I əsrindən yayılmağa başlayıb. Şəkinin Kiş kəndində yerləşən məbəd də bu qədim tarixin mühüm maddi sübutlarından biridir. IV əsrdə xristianlığın dövlət dini səviyyəsinə qaldırılması nəticəsində monumental kilsə memarlığı, daş kitabələr və dini ədəbiyyat formalaşıb Dosent qeyd edib ki, İslam dininin regiona daxil olmasından sonra da xristianlıq Azərbaycanda bir müddət öz mövcudluğunu qoruyub: “Gədəbəy, Daşkəsən, Tovuz və Qazax kimi bölgələrdə xristian icmaları uzun müddət öz ənənələrini qoruyub saxlayıblar. Qarabağ bölgəsində Alban Kilsəsi və yerli xristian əhali də XIX əsrədək dini fəaliyyətini davam etdirə bilib. 1836-cı ildə Çar Rusiyasının fərmanı ilə Alban Kilsəsinin müstəqilliyinin ləğv edilməsi nəticəsində onun mülkiyyəti və idarəçiliyi Erməni-Qriqorian Kilsəsinə verilib. Bu prosesdən sonra alban irsinə aid əlyazmaların və digər mədəni nümunələrin mənimsənilməsi ilə bağlı məsələlər də gündəmə gəlib”.

Mübariz Ağalarlı alban xristian mədəniyyətinin özünəməxsus xüsusiyyətlərinin olduğunu vurğulayıb: “Tarixi və arxeoloji faktlar alban xristian mədəniyyətinin yerli təfəkkürə və dünyagörüşünə söykəndiyini göstərir. Alban məbədlərinin konstruktiv xüsusiyyətləri, səkkizguşəli memarlıq elementləri, təbiət motivləri ilə zəngin xaç daşları özünəməxsus xüsusiyyətlərə malikdir. Qədim alban tayfaları tədricən Azərbaycan xalqının etnogenezinə daxil olaraq bu torpağın ayrılmaz hissəsinə çevriliblər. Onların yaratdığı maddi və mənəvi sərvətlər də xalqımızın ortaq mədəni xəzinəsinin bir hissəsidir”.
Dosent, Hikmət Hacıyevin Qandzasar monastırına səfəri zamanı səsləndirdiyi fikirlərin də bu baxımdan əhəmiyyətli olduğunu bildirib: “Bu tarixi abidələrin qədim alban irsi ilə bağlılığını vurğulamaq təkcə bölgəyə deyil, bütövlükdə beynəlxalq xristian ictimaiyyətinə ünvanlanmış mühüm mesajdır. Qandzasar monastırında nümayiş etdirilən və xarici görünüşcə qədim dini əlyazma təsiri bağışlayan, lakin daxili boş vərəqlərdən ibarət olan kitab nümunələri də bu məsələnin diqqət mərkəzinə gəlməsinə səbəb oldu. Hesab edirəm ki, tarixi irsin araşdırılması və bu məsələlərin beynəlxalq elmi müstəvidə təqdim edilməsi vacibdir”.
Mübariz Ağalarlı alban xristian irsinin daha geniş araşdırılmasının vacibliyini vurğulayıb: “Azərbaycan bu gün tolerantlıq və multikulturalizm ənənələri ilə seçilir. Bu baxımdan Qarabağın alban xristian irsi də tarixi-mədəni kimliyimizin mühüm hissəsidir. İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq səviyyəli arxeoloji ekspedisiyalar aparılmalı, xarici arxivlərdə saxlanılan sənədlər araşdırılmalı və alban abidələrinin tarixi xüsusiyyətləri dünya elminə təqdim edilməlidir. Biz İslam irsimizə sahib çıxdığımız kimi, ulu əcdadlarımızın yaratdığı xristian-alban mədəniyyətinə də sahib çıxmalı və onu bəşəri mədəni irsin bir parçası kimi yaşatmalıyıq”.
Nigar Xəlilli
16:34 17.09.2026
Oxunuş sayı: 349