Zelenski yeni baş prokuror təyin etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Anton Kovalskini ölkənin baş prokuroru vəzifəsini icra edən şəxs təyin edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi internet səhifəsində yayımlanan 946/2026 nömrəli fərmanda məlumat verilib.
Fərmana əsasən, baş prokurorun səlahiyyətlərinin icrası Anton Anatolyeviç Kovalskiyə həvalə olunub. Sənəd 17 sentyabr 2026-cı ildə imzalanıb və dərc edildiyi gündən qüvvəyə minib.
42 yaşlı Kovalski daha əvvəl Xmelnitski vilayəti prokurorluğunun rəhbəri vəzifəsində çalışıb. O, bu vəzifəyə 2025-ci il iyulun 1-də təyin edilmişdi.
Kovalski prokurorluq orqanlarında fəaliyyətinə 2011-ci ildə başlayıb. O, müxtəlif illərdə Vinnitsa şəhər və vilayət prokurorluqlarında, eləcə də Çernovtsı vilayəti prokurorluğunda rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, Ruslan Kravçenkonun baş prokuror vəzifəsindən azad edilməsi ilə bağlı qərar sentyabrın 15-də rəsmiləşdirilib. Onun istefasından sonra yeni baş prokurorun təyin edilməsi gündəmə gəlib.
14:37 17.09.2026
Oxunuş sayı: 46