Çin avtomobillərinə yeni maneə: Aİ SƏRT ADDIM ATİR
Avropa İttifaqı Çindən Avropa bazarına hibrid avtomobillərin ixracını könüllü şəkildə məhdudlaşdırmağı istəyir.
Crossmedia.az xəbər verir ki, Financial Times bu barədə məlumat yayıb.
Brüssel Pekindən Çində istehsal olunan hibrid avtomobillərin Aİ bazarındakı payını təxminən 15 faizlə məhdudlaşdırmaqla bağlı öhdəlik götürməsini gözləyir. Hazırda Çin istehsalı avtomobillər bu seqmentdə Aİ bazarının üçdə birindən çoxunu təşkil edir.
Aİ bildirir ki, Çin ixracı könüllü şəkildə məhdudlaşdırmasa, birlik əlavə ticarət məhdudiyyətləri və daha yüksək tariflər tətbiq edə bilər. Bu məsələ Aİ ilə Çin arasında ticarət balansının yenidən nəzərdən keçirilməsi üzrə danışıqların əsas mövzularından biridir.
Financial Times-ın məlumatına görə, Aİ Çin tərəfindən kimyəvi məhsulların ixracının da məhdudlaşdırılmasını və Pekinin Avropa mallarının alışını artırmasını istəyir.
Çin istehsalı hibrid avtomobillərin Avropa bazarına idxalı son dövrdə əhəmiyyətli dərəcədə artıb. Financial Times yazır ki, 2024-cü ilin oktyabrında 3 800 olan aylıq idxal 2026-cı ilin iyulunda 50 min avtomobilə yüksəlib.
Aİ ilə Çin arasında ticarət əlaqələrindəki balanssızlıq da Brüsselin narahatlığını artırır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 16-da Aİ-nin Çinlə ticarət kəsirinin gündə təxminən 1 milyard avroya çatdığını bildirib.
Pekin isə Çin şirkətlərinin rəqabət qabiliyyəti və ixrac artımı ilə bağlı Aİ-nin iradlarını proteksionist yanaşma kimi qiymətləndirir.
Aİ və Çin arasında danışıqlarda oktyabr ayına qədər ticarət balansının yaxşılaşdırılması istiqamətində konkret nəticələrin əldə edilməsi hədəflənir.
10:28 17.09.2026
Oxunuş sayı: 52