İtaliya XİN başçısı Avropanı İsrail məskunlarına qarşı hərəkətə keçməyə çağırıb
İtaliyanın xarici işlər naziri Antonio Tajani İsrailin işğalı altında olan İordan çayının qərb sahilində yəhudi məskunlarının zorakılığının qarşısını almaq üçün Avropa səviyyəsində tədbirlər görülməsinə çağırış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Il Sole 24 Ore” qəzeti məlumat yayıb.
Tajani çərşənbə günü İtaliya Deputatlar Palatasında çıxışı zamanı Avropa səviyyəsində “zorakılıq törədən məskunların fəaliyyətlərini və maliyyə mənbələrini hədəf alan məqsədyönlü və effektiv tədbirlərə” ehtiyac olduğunu vurğulayıb.
“Milli tədbirlər zəif hüquqi əsaslara söykənir. Bu isə onların təsirinin məhdud olması və asanlıqla yan keçilməsi riskini yaradır. Məhz buna görə yalnız yeddi Aİ ölkəsi, eləcə də Böyük Britaniya, Fransa və Kanada bu cür tədbirlər elan edib”, – nazir bildirib.
Qanunsuz məskunlaşmaların genişləndirilməsinin “qəbuledilməz” olduğunu xatırladan Tajani işğalçı zorakılığının heç kim tərəfindən göz yumulacaq hal olmadığını qeyd edib.
“İki dövlətli həll perspektivini sarsıdan hərəkətlərə heç kim haqq qazandıra bilməz”, – o deyib.
İtaliyanın xarici işlər naziri bu davranışlara real təsir göstərmək üçün hansı vasitələrdən istifadə olunmasının vacibliyinə diqqət çəkib:
“Bu cür məsələlərdə yeganə effektiv hüquqi və siyasi çərçivənin Avropa İttifaqının çərçivəsi olduğuna inanırıq”.
Tajani Avropanın vahid cavabının yalnız effektiv və ardıcıl tədbirlərlə təmin edilə biləcəyini vurğulayıb.
O, İtaliyanın artıq İsrail məskunlarını və onların fəaliyyətlərini dəstəkləyən təşkilatları hədəf alan üç sanksiya paketini dəstəklədiyini bildirib. Nazir hazırda müzakirə olunan dördüncü paketə də İtaliyanın dəstək verən ölkələr sırasında olduğunu qeyd edib.
Tajani əlavə edib ki, İtaliya qanunsuz məskunlaşmalar və onlarla bağlı iqtisadi fəaliyyətlər də daxil olmaqla, əlavə tədbirlərin müəyyənləşdirilməsi üçün digər Aİ tərəfdaşları ilə müzakirələri davam etdirəcək.
“Bizim məqsədimiz məskunların zorakılığına son qoymaq, məskunlaşmaların genişlənməsini dayandırmaq və davamlı sülh üçün yeganə siyasi imkanı qorumaqdır: sülh və təhlükəsizlik şəraitində yan-yana yaşaya biləcək iki dövlət”, – İtaliya XİN başçısı bildirib.
Aİ-dən əlavə sanksiyalar müzakirəsi
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da çərşənbə axşamı verdiyi açıqlamada işğal altındakı İordan çayının qərb sahilində qanunsuz məskunlaşmaların genişlənməsi, məcburi köçürülmə və məskun zorakılığının rekord səviyyələrə çatması səbəbindən İsrail məskunlarına qarşı əlavə sanksiyaların tətbiqinin müzakirə edildiyini bildirib.
İordan çayının qərb sahilində vəziyyət
İsrail 1967-ci ildən Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilini işğal altında saxlayır. Beynəlxalq ictimaiyyət işğal olunmuş ərazilərdə salınan İsrail məskunlaşmalarını beynəlxalq hüquqa görə qanunsuz hesab edir. Təl-Əviv isə bu mövqeyi rədd edir.
Mənbənin məlumatına görə, işğal altındakı İordan çayının qərb sahilində, o cümlədən Şərqi Qüdsdə 156 qanunsuz məskunlaşma və 360 məskun forpostunda təxminən 750 min İsrail məskunu yaşayır. Bildirilir ki, məskunlar fələstinliləri zorla ərazilərindən çıxarmağa yönəlmiş hücumlar həyata keçirirlər.
07:43 17.09.2026
Oxunuş sayı: 45