Musa Qasımlı: Universitetlərdə türk dillərinin tədrisi çox yaxşı olardı
Türk xalqlarının ən böyük arzularından biri birlik idi. Nəhayət, bu arzu reallaşdı. Cənab Prezident İlham Əliyev təkcə bizim deyil, bütün türk xalqlarının gələcəyini müəyyənləşdirdi.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Musa Qasımlı Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, türk xalqlarının yeganə ailəsi türk dünyasıdır:
“Bizim tək ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur. Bundan sonra dünya mövcud olduqca bu, bütün türk xalqlarının yaşam düsturudur. Bu ailə üçün başlıca formul fikirdə, dildə və əməldə birlikdir.
Bu gün dövlət başçılarımızın birliyi sayəsində türk xalqlarının təməlində, fikrində və dilində birlik yaranıb. Ortaq türk dili ən mühüm məsələlərdən biridir. Çünki bizi ayaqda saxlayacaq ən böyük güc ortaq dilimiz, ortaq mədəniyyətimiz və ortaq köklərimizdir.
Bu konfrans çox əhəmiyyətlidir. Mənim fikrimcə, institusional layihələrin və elmi tədqiqatların sayının artırılması vacibdir. Xüsusən iqtisadi inteqrasiya, nəqliyyat, Orta Dəhliz, yaşıl keçid, humanitar əməkdaşlıq, elm və digər sahələrdə dərin araşdırmaların genişləndirilməsi yaxşı fayda verəcək.
Bütün bunlar üçün türk xalqlarının ortaq analitika bazasının yaradılması faydalı olardı. Ən vacib məsələlərdən biri universitetlərimizdə türk dillərinin tədris edilməsidir. Gələcəkdə biz dildə birliyi əldə etsək, mütləq universitetlərdə türk xalqlarının dillərinin keçirilməsi vacibdir.
İşin sistemli aparılması və səmərəli olması üçün Beyin Mərkəzləri Şurasının və kiçik katibliyin yaradılması faydalı olar”.
10:33 16.09.2026
Oxunuş sayı: 53