480 israilli Əl-Əqsa məscidinə basqın edib
Fələstin torpaqlarını zəbt edən 480 israilli işğal altındakı Şərqi Qüdsdə yerləşən Məsçidül-Əqsaya daxil olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir
Fələstin administrasiyasına bağlı Qüds Valiliyinin məlumatına görə, yəhudilərin dini təqvimi üzrə yeni il olan Roş-Ha-Şana bayramının ikinci günündə 480 israilli Məsçidül-Əqsaya basqın edib.
Fələstinin rəsmi WAFA agentliyinin xəbərində bildirilir ki, radikal israillilər Məğaribə qapısından məscidin həyətinə daxil olublar.
Məlumata görə, qrup məscidin həyətində təxribat xarakterli yürüşlər keçirib, Talmud ayinləri icra edib və kollektiv şəkildə dua edib.
İsrail administrasiyası 2003-cü ildə birtərəfli qərarla israillilərin Məsçidül-Əqsaya daxil olmasına icazə verib. Həmin vaxtdan etibarən məscid cümə və şənbə günləri istisna olmaqla, demək olar ki, hər gün radikal yəhudi qruplarının basqınlarına məruz qalır.
Məsçidül-Əqsaya basqınlar mövcud status-kvoya ziddir
Məsçidül-Əqsa 1994-cü il oktyabrın 26-da İsrail və İordaniya arasında imzalanmış sülh müqaviləsinə əsasən, İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəs Məkanlar Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.
Lakin 2003-cü ildən etibarən israillilər Vəqflər İdarəsinin icazəsi olmadan İsrailin birtərəfli qərarı əsasında polis müşayiəti ilə müqəddəs məkana daxil olurlar. Qüds İslam Vəqfləri İdarəsi bu girişləri “basqın” kimi qiymətləndirir və bunun müsəlmanların suverenliyinin pozulması olduğunu bildirir.
İsraillilər Məsçidül-Əqsa kompleksinin altında “Süleyman məbədinin qalıqlarının olduğu” iddiası ilə qazıntı işləri də aparırlar. Kompleksin ərazisində Qiblə məscidi, Qübbətüs-Səhra, muzey, mədrəsələr və geniş həyət yerləşir.
İsrail administrasiyası Məsçidül-Əqsada tarixi status-kvonun qorunduğunu, burada yalnız müsəlmanların ibadət edə, digər dinlərin nümayəndələrinin isə yalnız ziyarət edə biləcəyini bildirir.
Bununla belə, radikal yəhudilərin İsrail polisinin müşayiəti altında məscidə daxil olaraq dua etmələri və dini ayinlər keçirmələri tez-tez kameralar qarşısında qeydə alınır.
İsraildəki ultraortodoks yəhudi din xadimlərinin əksəriyyəti isə yəhudilərin Məsçidül-Əqsaya daxil olmasının dini baxımdan qadağan olduğunu bildirir.
15:20 13.09.2026
Oxunuş sayı: 46