Marmara dənizində batan gəminin heyətini axtarış davam edir
Marmara dənizinin Silivri sahilləri yaxınlığında batan “Tuğberk İmamoğlu” gəmisinin heyət üzvlərinin tapılması üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı 8 gündür davam edir.
Crossmedia.az xəbər verir ki, Türkiyə Sahil Təhlükəsizlik Komandanlığı, Sahil Təhlükəsizliyi Baş İdarəsi və Dəniz Qüvvələrinin bölmələri axtarış işlərini fasiləsiz həyata keçirir.
Məlumata görə, sentyabrın 2-də Silivridən təxminən 18 mil aralıda Kocaelidən Əliağaya gedən “Alsu” adlı ticarət gəmisi ilə İskəndərun limanından Qara dəniz Ereğliyinə hərəkət edən “Tuğberk İmamoğlu” toqquşub. Toqquşmadan sonra “Tuğberk İmamoğlu” batıb.
Hadisədən sonra itkin düşənlərin yaxınları Silivri sahilində Kaymakamlıq və AFAD-ın koordinasiyası ilə yaradılan böhran mərkəzində toplaşaraq 8 gündür xəbər gözləyirlər. Ailələrin ehtiyacları Türk Qızılayı və AFAD əməkdaşları tərəfindən qarşılanır.
Qəzanın dördüncü günündə Dəniz Qüvvələri Komandanlığına məxsus TCG Akın xilasetmə gəmisinin qabaqcıl sonar sistemləri və uzaqdan idarə olunan sualtı aparatın (ROV) köməyi ilə batmış gəminin yeri müəyyən edilib.
Hazırda qəza ərazisində sualtı dalış və axtarış işləri intensivləşdirilib. Əməliyyatlar hava və dəniz vasitələrinin koordinasiyası ilə davam etdirilir.
00:30 10.09.2026
Oxunuş sayı: 43