Həkim məsləhəti olmadan bu vitaminləri qəbul etməyin
Son illərdə sağlam həyat tərzinə marağın artması ilə yanaşı, müxtəlif vitamin, mineral və qida əlavələrinin həkim məsləhəti olmadan qəbulu da geniş yayılıb. Bir çox insan bu vasitələrin hər kəs üçün faydalı və zərərsiz olduğunu düşünərək onları özbaşına qəbul edir. Lakin mütəxəssislər bildirirlər ki, vitamin və qida əlavələrinin nəzarətsiz istifadəsi bəzi hallarda orqanizm üçün ciddi risklər yarada bilər. Sağlamlığın qorunması yalnız müxtəlif preparatların qəbulu ilə məhdudlaşmır və insanın həyat tərzi bu məsələdə əsas rol oynayır. Oturaq həyat tərzi, fiziki hərəkətsizlik və düzgün olmayan qidalanma vitamin əlavələri ilə tam şəkildə kompensasiya edilə bilməz. Hər bir şəxsin orqanizminin ehtiyacları, yaşı, həyat tərzi və mövcud sağlamlıq vəziyyəti fərqli olduğundan, əlavə preparatların qəbulu fərdi yanaşma tələb edir. Xüsusilə uzun müddət və yüksək dozada qəbul edilən bəzi vitamin və minerallar orqanizmdə arzuolunmaz təsirlərə səbəb ola bilər. Bu baxımdan mütəxəssis məsləhəti olmadan vitamin və qida əlavələrindən istifadə etmək sağlamlıq üçün riskli hesab olunur.
Mövzu ilə bağlı terapevt Şahvələd Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, həkim məsləhəti olmadan vitamin və qida əlavələrinin qəbulu düzgün yanaşma deyil:
“Son zamanlar həkim məsləhəti olmadan müxtəlif vitamin və qida əlavələrindən istifadə geniş yayılıb. İnsanlar elə düşünürlər ki, fiziki aktivlik olmadan, oturaq həyat tərzi keçirərək də vitamin və minerallar qəbul etməklə sağlamlığa qovuşmaq mümkündür. Lakin bu, tamamilə yanlış yanaşmadır. Yaşından asılı olmayaraq — istər uşaq, istərsə də böyük olsun — ilk növbədə insanın həyat tərzi normallaşmalıdır. Aktiv həyat tərzi olmayan, adinamiya, yəni hərəkətsizlik və oturaq həyat tərzi keçirən şəxslərin nə qədər vitamin, mineral və ya qida əlavəsi qəbul etmələrindən asılı olmayaraq, bu, gözlənilən faydanı verməyə bilər. Əksinə, nəzarətsiz və əsassız qəbul bəzi hallarda zərərli və təhlükəli ola bilər. Xüsusilə 40 yaşdan yuxarı insanlarda orqanizmdə müxtəlif patoloji törəmələrin və ya digər sağlamlıq problemlərinin mövcud olma ehtimalı artır. Belə hallarda nəzarətsiz şəkildə qəbul edilən vitamin və qida əlavələri mövcud problemlərə mənfi təsir göstərə bilər. Bu səbəbdən hər hansı vitamin, mineral və ya qida əlavəsini uzun müddət qəbul etməzdən əvvəl şəxsin sağlamlıq vəziyyəti mütləq nəzərə alınmalıdır. Bu səbəbdən həkim təyinatı və nəzarəti olmadan uzunmüddətli mineral və vitamin qəbulu qətiyyən tövsiyə olunmur”.
Zeynəb Həsən
13:30 09.09.2026
Oxunuş sayı: 43