80 milyonluq Ferrari meşələrin bərpasına dəstək oldu
Çanaqqalanın Ezine rayonundakı Eylül Avtomobil və Traktor Muzeyinin keçirdiyi sosial məsuliyyət kampaniyası qısa müddətdə böyük maraq doğurub.
Crossmedia.az xəbər verir ki, təxminən 80 milyon lirə dəyərində olan Ferrari SF90-ın üzərinə adlarını yazdıran iştirakçıların dəstəyi ilə 10 min ting üçün ianə toplanıb.
Muzey Çanaqqalada son illərdə baş verən meşə yanğınlarından zərər çəkmiş ərazilərin yenidən yaşıllaşdırılmasına dəstək məqsədilə sentyabrın 3-də “İmzadan Ormana” adlı kampaniyaya başlayıb.
Kampaniyada iştirak edənlər əvvəlcə Çanaqqala Meşə Regional Müdirliyinin hesabına ianə edib, daha sonra muzeyin girişində nümayiş etdirilən Ferrari SF90-ın üzərinə adlarını yazıblar.
Təbiətsevərlərin dəstəyi sayəsində cəmi bir neçə gün ərzində 10 min ting hədəfinə çatılıb. Toplanan tinglər noyabrın 11-də keçiriləcək Milli Ağacəkmə Günü tədbirləri çərçivəsində meşə yanğınlarından zərər görmüş ərazilərdə əkiləcək.
Muzey rəhbəri Zafer Avcı kampaniyanın davam etdiyini və gələcəkdə 2-3 xatirə meşəsi yaratmağa kifayət edəcək qədər ting toplanacağına ümid etdiklərini bildirib.
08:35 09.09.2026
Oxunuş sayı: 44