London Ukraynaya 100 MİLYON FUNT AYIRDI
Böyük Britaniya Ukraynanın qış aylarında hava hücumundan müdafiəsini gücləndirmək üçün ABŞ istehsalı hərbi texnikanın alınmasına £100 milyon ayırıb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Vəsait NATO çərçivəsində ABŞ silahlarının alınması mexanizmi vasitəsilə Ukraynaya təcili ehtiyac duyulan “Patriot” raketləri, iriçaplı artilleriya mərmiləri və digər pilotsuz uçuş aparatlarının tədarükünə yönəldiləcək.
Böyük Britaniya neçə ədəd “Patriot” raketi alınacağını açıqlamayıb. Bildirilir ki, bu say Ukraynanın tələb etdiyi həcmdən yalnız bir hissə ola bilər. Digər Qərb müttəfiqləri də Kiyevin hava hücumlarından müdafiəsinə necə dəstək verə biləcəklərini nəzərdən keçirirlər.
Ukraynanın hazırda ballistik raket hücumlarının qarşısını alma imkanları “Patriot” tutucularının çatışmazlığı səbəbindən məhdudlaşıb. Yay aylarında Rusiya tərəfindən həyata keçirilən hücumlar nəticəsində mülki şəxslər həlak olub, ərzaq və logistika anbarları dağıdılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin elektrik enerjisi, istilik və su təchizatı sistemlərini qış ərzində qorumaq üçün 300 ədəd “Patriot” raketi əldə etmək istədiyini bildirib. Hər bir raketin qiymətinin təxminən 3 milyon dollar (£2,6 milyon) olduğu qeyd edilir.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq çərşənbə axşamı Almaniyanın müdafiə naziri Boris Pistoriusla birlikdə Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun ilk iclasına həmsədrlik edəcək. Təxminən 50 ölkənin iştirak etdiyi qrup Ukraynaya hərbi yardımın artırılması məsələsini müzakirə edəcək.
Virtual formatda keçiriləcək iclasda ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi də iştirak edəcək.
Böyük Britaniya yaxın vaxtlarda Fransanın istehsal etdiyi “Storm Shadow” raketinin versiyası olan “Scalp” raketi üçün Britaniya istehsalı komponentlərin texniki layihələrinin məxfiliyini aradan qaldırmağa da razılıq verib. Bu raketlərdən artıq Rusiyadakı hədəflərə zərbələr endirmək üçün istifadə olunub.
Ues Stritinq bildirib ki, London Ukraynanın qarşıdakı qışda müdafiəsinə dəstək vermək üçün müttəfiqləri səfərbər etməyi və mümkün olan bütün istiqamətlərdə əlavə yardım göstərməyi vəd edib.
16:59 08.09.2026
Oxunuş sayı: 48