Ərakçi və Yaponiya XİN rəhbəri Hörmüz boğazını müzakirə edib
İranın xarici işlər naziri Abbas Ərakçi və Yaponiyanın xarici işlər naziri Tosimitsu Motegi telefon danışığı zamanı ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Ərakçi bölgədəki hazırkı gərginliyin səbəblərindən danışaraq ABŞ-ni İslamabad memorandumunda üzərinə götürdüyü öhdəlikləri pozmaqda ittiham edib. O bildirib ki, ABŞ-nin memorandum üzrə öhdəliklərinə qayıtması və onları yerinə yetirməsi vəziyyətin normallaşması üçün əsas yarada bilər.
İranın xarici işlər naziri Omanla Hörmüz boğazı ilə bağlı aparılan danışıqların son vəziyyətinə də toxunub. Onun sözlərinə görə, boğazdan keçid üçün müvəqqəti marşrutun müəyyənləşdirilməsi istiqamətində iki ölkə arasında aparılan dialoqda əhəmiyyətli irəliləyiş əldə olunub.
Ərakçi gələcəkdə Hörmüz boğazının idarə olunması mexanizmləri ilə bağlı razılaşmanın əldə edilməsi üçün İran və Oman arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Yaponiyanın xarici işlər naziri isə bölgədə gərginliyin artmasından narahatlığını ifadə edib. O, regional və maraqlı dövlətlər arasında məsləhətləşmələrin və diplomatik koordinasiyanın davam etdirilməsinin, eləcə də bölgədə təhlükəsizliyin və Hörmüz boğazında sərbəst və təhlükəsiz gəmiçiliyin təmin olunmasının vacibliyini qeyd edib.
Tərəflər bəzi ikitərəfli və konsulluq məsələləri üzrə işlərin davam etdirilməsi barədə də razılığa gəliblər.
16:19 08.09.2026
Oxunuş sayı: 56