Kobaxidze: BTQ-nin yük dövriyyəsi dəfələrlə artıb
Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin inkişafına mühüm töhfə verən layihələrdən biridir.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə keçirilən Beynəlxalq Dənizçilik Forumunda çıxışı zamanı deyib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstanın əsas məqsədi Orta Dəhlizi daha sürətli, etibarlı və proqnozlaşdırıla bilən marşruta çevirməkdir. Bu məqsədə çatmaq üçün nəqliyyat sistemlərinin səmərəli inteqrasiyası və Qara dəniz bağlantısının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
İ.Kobaxidze bildirib ki, Gürcüstan, Azərbaycan və Türkiyənin birgə səyləri ilə modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu cari ilin iyun ayından etibarən tam gücü ilə fəaliyyət göstərir.
O qeyd edib ki, Orta Dəhlizin potensialının tam reallaşdırılmasında infrastruktur layihələrlə yanaşı, insan kapitalının inkişafı və beynəlxalq dənizçilik standartlarının gücləndirilməsi də mühüm rol oynayır. (AZƏRTAC)
13:14 07.09.2026
Oxunuş sayı: 56