Viza qalmaqalı davam edir: "Mega sığorta" şirkəti açıqlama verdi
Son günlər “VFS Global” viza şirkətinin xidmətləri ilə bağlı azərbaycanlı tələbələr arasında narazılıqların artması artıq ayrı-ayrı müraciətlər çərçivəsindən çıxaraq ciddi problem kimi gündəmə gəlir. Redaksiyamıza daxil olan çoxsaylı müraciətlər göstərir ki, tələbələr viza müraciəti prosesində üzləşdikləri problemlərdən narahatdırlar. Sığorta sənədlərinin qəbulu ilə bağlı tətbiq edilən monopolist yanaşma isə tələbələrin haqlı narazılığına səbəb olub. Problemin böyüklüyün və gərginliyini nəzərə alıb Cross Media olaraq bunu araşdırmaqdayıq. Artıq bu istiqamətdə iki məqalə də çap etmişik.
Müraciətlərdə əsas diqqət çəkən məqamlardan biri ancaq “VFS Global”-ın əməkdaşlıq etdiyi “Mega Sığorta” şirkətinin sənədlərinin qəbul edilməsidir. Digər sığorta şirkətlərindən əldə olunan sənədlərdən imtina olunması nəticəsində xaricdə oxumağa getmək üçün hazırlıq görən tələbələr çox ciddi çətinliklərlə üzləşirlər. Üstəlik aydın olmayan səbəblərə görə sığorta haqqının 200 AZN-dən (2025-ci ildə bu qiymətə idi) 300 AZN-ə qaldırılmasıdır. Tələbələrin şikayətlərinə görə, bu yanaşma onların seçim imkanlarını məhdudlaşdırmaqla yanaşı, viza müraciəti prosesində əlavə maliyyə və vaxt itkisinə səbəb olur.
Məsələnin problemli tərəfi budur ki, burada söhbət adi kommersiya xidmətindən yox, xaricdə təhsil almağa hazırlaşan gənclərin gələcək fəaliyyətlərinin, planlarının qarşısının süni şəkildə alınması və böyük bir gərginlik yaradılmasından gedir. Viza prosedurunda yaranan hər bir gecikmə tələbənin təhsil alacağı ölkəyə və universitetə vaxtında çatmasına, təhsil proqramına başlamasına birbaşa təsir göstərir. Başqa sözlə, sənədlərin qəbulu ilə bağlı mübahisəli yanaşmanın nəticəsi tələbə üçün sadəcə əlavə prosedur deyil, onun təhsil planının pozulması riski deməkdir.
Eyni xarakterli şikayətlərin müxtəlif tələbələr tərəfindən səsləndirilməsi göstərir ki, burada yalnız fərdi anlaşılmazlıqdan söhbət getmir. Tələbələrin iddia etdiyi kimi, “Mega sığorta” şirkətinin sənədlərinin qəbuluna üstünlük verilir və digər şirkətlərin sənədləri qəbul edilmirsə, bunun hansı əsasla həyata keçirildiyi ictimaiyyətə açıq şəkildə izah olunmalıdır? Tələbələr haqlı olaraq soruşurlar: viza müraciəti üçün tələb olunan sığorta sənədinin əsas meyarı onun müəyyən bir şirkətdən alınmasıdır, yoxsa sənədin müvafiq tələblərə cavab verməsidir? Əgər sənəd bütün zəruri şərtləri ödəyirsə, onun hansı şirkət tərəfindən təqdim edilməsinin müraciətin qəbuluna təsir göstərməsinin hüquqi və inzibati əsası nədir? Bu sualların cavabı xaricdə təhsil almağı planlaşdıran vətəndaşlar üçün mühüm əhəmiyyət daşıyır. Mövzu ilə bağlı Crossmedia.az “Mega Sığorta” ilə əlaqə saxlayıb.
Şirkət bununla bağlı saytımıza açıqlama verib: “VFS Global”la hansısa sövdələşmə və müqaviləmiz yoxdur ki, vətəndaşlar sadəcə bizim sığorta şirkətinə gəlməlidirlər. Vətəndaş istədiyi sığorta şirkətini seçməkdə azaddır. Bunu vətəndaşa bildirən “VFS Global”dır, biz yox. Bizim həmin şirkətlə nə problemimiz, nə də xüsusi əməkdaşlığımız var. Qiymət artımına gəldikdə isə bizim rəsmi səhifəmizdə kalkulyatorumuz var, vətəndaşlar gəlmədən öncə burada hesablama apararaq qiymətlə tanış olur. Xüsusilə qeyd etmək istəyirik ki, tələbələr üçün bizim endirimlərimiz də var ki, bu bizim rəsmi səhifəmizdə də əksini tapıb”.
Məhəbbət Tərlanoğlu
13:15 07.09.2026
Oxunuş sayı: 56