Paşinyan sülh istəyir - amma ona imkan vermirlər
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmanın başa çatmasından sonra iki ölkə arasındakı mübarizənin yeni müstəviyə keçdiyi müşahidə olunur. Xüsusilə informasiya və diplomatik cəbhədə səsləndirilən qarşılıqlı ittihamlar sülh prosesinin mühüm gündəm mövzularından birinə çevrilib. Sentyabrın 4-də İrəvanda keçirilən mətbuat konfransında erməni hüquq müdafiəçisi Siranuş Sahakyanın Azərbaycanda saxlanılan ermənilərlə bağlı səsləndirdiyi dini ayrı-seçkilik, işgəncə, xristian simvollarının məhv edilməsi, Bibliyadan istifadəyə imkan verilməməsi və Quran oxumağa məcbur edilmə barədə iddialar da bu informasiya mübarizəsinin növbəti nümunəsi kimi diqqət çəkir.
Azərbaycan tərəfi isə bu ittihamları əsassız və qərəzli hesab edir. Rəsmi açıqlamalarda bildirilib ki, aparılan monitorinqlər çərçivəsində erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirilib, onların tibbi və psixoloji vəziyyəti qiymətləndirilib, hüquq və azadlıqları barədə məlumat verilib, eləcə də zəruri xidmətlərə çıxışları təmin olunub. Digər tərəfdən, Ermənistanda səsləndirilən və revanşist ritorika kimi qiymətləndirilən bəyanat və addımların iki ölkə arasında formalaşmaqda olan sülh gündəliyinə təsiri də müzakirə mövzusudur. Bəs qarşılıqlı ittihamların artması Azərbaycan-Ermənistan münasibətlərində yeni informasiya savaşının göstəricisidirmi və bu proses sülh perspektivlərinə necə təsir edə bilər?
Ümid Partiyasının sədri İqbal Ağazadə Crossmedia.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə fərqli fikirlərin səsləndirilməsi təbii qarşılanmalıdır:
“Ermənistanda vahid hakimiyyət, vahid siyasət xətti olmadığına görə çalışırlar ki, daxildə daha çox əngəl törətsinlər, daha çox nüfuzdan salsınlar. Ona görə də bu istiqamətdə müxtəlif fikirlər mövcuddur. Sülh siyasətini aparan Paşinyan və hökumətidir. Onlar çalışırlar ki, maksimum dərəcədə sülh siyasətini gerçəkləşdirə bilsinlər”.
İ.Ağazadə qeyd edib ki, Paşinyana müxalif qüvvələrin müxtəlif dövlət və siyasi institutlarda təmsil olunması hökumətə təzyiq imkanlarını artırır:
“Paşinyana müxalif olanlar, amma cəmiyyətin müxtəlif spektrlərində təmsil olunanlar, istər parlamentdə, istər Ombudsman institutunda, istərsə də digər qurumlarda, çalışırlar ki, daha çox hökuməti nüfuzdan salsınlar, başqa ölkələrin maraqlarına xidmət edərək, əslində, bir qədər də sülh prosesinə mane olsunlar. Ona görə də bunu təbii qəbul etmək lazımdır. Amma Paşinyan bu sülh siyasətini apardığına görə düşünmürəm ki, bu, ciddi şəkildə mane olacaq”.
Nigar Xəlilli
16:30 05.09.2026
Oxunuş sayı: 72