Dyson diş fırçasında YENİ DÖVR: Kamera və süni intellekt bir arada
Dyson dişləri fırçalayarkən aralarındakı boşluqları kamera və süni intellekt vasitəsilə müəyyən edən CameraJet adlı elektrikli diş fırçasını təqdim edib.
Crossmedia.az xəbər verir ki, Dyson bu barədə məlumat yayıb.
CameraJet həm diş fırçası, həm də irriqator funksiyasını yerinə yetirir. Cihazın daxilində 100 min piksellik makro obyektivə malik kamera yerləşdirilib. Kamera saniyədə 28 görüntü analiz edərək dişlər arasındakı boşluqları real vaxt rejimində müəyyən edir.
Süni intellekt sistemi boşluqları aşkar etdikdən sonra həmin nahiyəyə ağız yaxalayıcısı püskürdür. Dyson-un məlumatına görə, bu proses boşluq müəyyən edildikdən sonra 100 millisaniyə ərzində həyata keçirilir. Sistem hazırlanarkən 470 min stomatoloji görüntüdən istifadə olunub.
Cihazın 12,5 millilitrlik ağız yaxalayıcısı çəni var. Xüsusi nasos sistemi fırçanın müxtəlif istiqamətlərdə tutulmasından asılı olmayaraq mayenin fasiləsiz püskürdürülməsini təmin edir.
CameraJet Bluetooth və Wi-Fi vasitəsilə MyDyson tətbiqinə qoşula bilir. Tətbiq vasitəsilə istifadəçi dişlərinin təmizlənməsini izləyə, real vaxt görüntüsünə baxa, təmizləmə əhatəsini qiymətləndirə və fərdiləşdirilmiş tövsiyələr əldə edə bilər.
Dyson bildirir ki, cihazın hazırlanması altı il davam edib və layihədə mühəndislərlə yanaşı stomatologiya üzrə mütəxəssislər də iştirak edib. Şirkət CameraJet-in dişlər arasındakı çətin təmizlənən nahiyələrə yönəlik qulluq imkanlarını artıracağını açıqlayıb.
08:17 03.09.2026
Oxunuş sayı: 45