Qarabağda görünməyən ölüm təhlükəsi: 1,5 milyon mina torpağın altında
Azərbaycan Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğal altında saxlanılması nəticəsində dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrindən birinə çevrilib. İlkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində mina çirklənməsi yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına ciddi maneələr yaradır. 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, onlardan 73 nəfəri həyatını itirib, 364 nəfər isə ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Ermənistan tərəfindən təqdim edilən minalanmış ərazilərin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması isə minatəmizləmə prosesini daha da çətinləşdirir. Hazırda azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi təhlükəsizliyin təmin olunması və Böyük Qayıdış prosesinin sürətləndirilməsi baxımından əsas istiqamətlərdən biri olaraq qalır. Bu barədə Prezident İlham Əliyevin “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə qarşıya çıxan ən böyük təhlükələrdən biri mina təhlükəsi olub: "Azərbaycan həmin ərazilərdə yaşayış məntəqələrinin, ictimai binaların və infrastrukturun dağıdıldığını bilsə də, ərazilərin mina ilə çirkləndirilməsi vəziyyəti daha da ağırlaşdırıb. Müharibədən sonra işğaldan azad edilən torpaqlarda ən böyük təhlükələrdən biri mina təhlükəsi idi. Azərbaycan onsuz da həmin torpaqların viran vəziyyətə salındığı, bütün yaşayış və ictimai binaların, infrastrukturun dağıdıldığı barədə məlumatlı idi. Ancaq bununla belə, mina təhlükəsi də nəzərə alınırdı. Bir qayda olaraq, hansısa sahə minalandıqda onun xəritəsi çəkilir. Lakin ərazilər nizamsız şəkildə, müxtəlif yerlərdə minalanıb ki, sonradan torpaqlar minalardan təmizlənərkən insanlar təsadüfi mina partlayışları ilə üzləşsinlər. İndiyə qədər 400-dən çox insan minaya düşüb, 100-dən çoxu həlak olub. Çox təəssüf ki, bu təhlükə hələ də qalmaqdadır. Azərbaycan öz gücünə torpaqların minalardan təmizlənməsi prosesini həyata keçirir. Bunun üçün xüsusi bir agentlik yaradılıb, lazımi texnika və avadanlıqlar əldə edilib, peşəkar minatəmizləyənlər hazırlanıb. Ərazilərin əhəmiyyətli bir hissəsi minalardan təmizlənib və proses davam edir. Bizim vətəndaşlardan gözlədiyimiz əsas məsələ təhlükə elan edilən və daxil olmaq tövsiyə olunmayan ərazilərə getməmələridir. Çünki bu, faciələrə gətirib çıxara bilər. Dövlət bu işi işğaldan azad olunan ərazilərin bərpasında əsas istiqamətlərdən biri hesab edir. Bu məsələdə dövlətlə vətəndaşın birgə səyi olduqca vacibdir”.

Hərbi ekspert Rey Kərimoğlu isə bildirib ki, mina və partlamamış hərbi sursatlar Azərbaycanda can almaqda davam edir və ərazilərin mina ilə çirklənməsinin miqyası olduqca böyükdür: "Mina təhlükəsi həm insanların təhlükəsizliyi, həm də azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri üçün ciddi problem olaraq qalır.Mina və partlamamış hərbi sursatlar, təəssüf ki, can almaqda davam edir. Azərbaycanda mina ilə çirklənmə çox böyükdür. İlkin hesablamalara görə, Ermənistanın işğalı nəticəsində Azərbaycan əraziləri 1,5 milyon mina və partlamamış hərbi sursatla çirklənib. Demək olar ki, davamlı olaraq mina partlayışları baş verir, xəsarət alanlar olur. Mina təhlükəsinin və çirklənmənin miqyası Azərbaycanda çox böyükdür. Azərbaycan dünyada mina və partlamamış hərbi sursat təhlükəsinə görə ilk onluqda yer alan ölkələrdən biridir. Bu da problemin miqyasını göstərir. O ki, qaldı xəritələrə, Ermənistan bizə həmin xəritələri tam şəkildə vermədi, təqdim olunan məlumatlar da yarımçıq oldu. Bu səbəbdən ciddi problemlər və faciələrlə üzləşirik. ANAMA və digər dövlət qurumları işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində böyük işlər görürlər. Minatəmizləyənlərimiz isə bu prosesdə böyük fədakarlıq göstərirlər. Təəssüf ki, onların arasında da yaralananlar və həlak olanlar olur. Hazırda rəhbərlik etdiyim ‘Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyası’ İctimai Birliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə 1990-cı illərdə baş vermiş mina hadisələri ilə bağlı iş aparılır. Mina insidentlərinin şahidlərinin iştirakı ilə həmin hadisələrin baş verdiyi yerlər müəyyənləşdirilir və koordinatları götürülür. Bu işdə ANAMA bizə yaxından dəstək verir. Xüsusi proqramlarla təchiz edilmiş texniki vasitələr vasitəsilə mina hadisələrinin baş verdiyi ərazilərin koordinatları müəyyən edilir və hesabatlar hazırlanır. Hazırlanan hesabatların ANAMA-ya, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və Qarabağ Dirçəliş Fonduna təqdim olunması nəzərdə tutulur. Ərazilərin mina ilə çirklənməsinin miqyası olduqca böyükdür və bu, ciddi maliyyə vəsaiti tələb edir. Hazırda minatəmizləmə prosesində əsas yük Azərbaycan dövlətinin üzərinə düşür”.

Zeynəb Həsən
18:30 02.09.2026
Oxunuş sayı: 50