Crossmedia.az yazdı, M1-dəki problem aradan qaldırıldı
Xəbər verdiyimiz kimi “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda yaranmış vəziyyətlə bağlı narazılıq yaranmışdı. Belə ki, marşrutlarda sərnişinlərin avtobuslara minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci oxuma cihazı (validator) quraşdırılsa da, “Faiqoğlu” MMC-yə məxsus avtobuslarda arxa qapıdan sərnişinlərin girişinə icazə verilməmişdi.
Crossmedia.az-ın xəbəri yayımlaması və sorğusu nəticəsində problem həllini tapıb.
Xaliq Faiqoğlu şirkətindən sorğumuza cavab olaraq bildirilib ki, son günlərdə BakıKart aparatları ilə bağlı bir neçə dəfə texniki nasazlıqlar yaranıb:
"Oxşar hadisə bu gün də qeydə alınıb. Bu səbəbdən bir neçə səfər zamanı sərnişinlərin ön qapıdan daxil olmasına şərait yaradılıb. Texniki problemlə bağlı təchizatçı quruma məlumat verilib və baş vermiş nasazlıqlar artıq aradan qaldırılıb. Əlavə olaraq bildirə bilərik ki, aparat işlədiyi halda orta qapını açmayan sürücülərlə və dispetçerlərlə maarifləndirici söhbət aparılıb. Nöqsanlara yol verən sürücülər barədə müvafiq tədbir görüləcək".
Məlumat olaraq qeyd edək ki, artıq sərnişinlər həm ön, həm də arxa qapılardan istifadə edə bilir.
Bu məlumata əsasən Bakıkart-ın mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan avtobusda quraşdırılmış ödəniş cihazının fəaliyyəti ilə bağlı daşıyıcı şirkət tərəfindən 7/24 texniki xidmət göstərən dəstək xəttinə hər hansı sorğu və ya nasazlıqla bağlı müraciət daxil olmayıb:
"Eyni zamanda, sistem üzrə aparılan yoxlamalar zamanı sözügedən ödəniş cihazında donma və ya texniki nasazlıq aşkqrlanmayıb".
Məhəbbət Tərlanoğlu
17:35 02.09.2026
Oxunuş sayı: 235