“Faiqoğlu” MMC sərnişinləri yox, öz cibini düşünür? – M1 marşrutunda narazılıq
Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları
arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda yaranmış vəziyyətlə
bağlı şikayət var.
Crossmedia.az-ın məlumatına görə, marşrutlarda sərnişinlərin
avtobuslara minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə
nəqliyyat vasitələrinə ikinci oxuma cihazı (validator) quraşdırılsa da,
“Faiqoğlu” MMC-yə məxsus avtobuslarda arxa qapıdan sərnişinlərin girişinə icazə
verilmir.
Bu gün səhər saat 08:30 radələrində qeydə alınmış videoda
aydın şəkildə görünür ki, arxa qapı sərnişinlərin üzünə bağlanaraq yalnız ön
qapıdan girişə icazə verilib.
Avtobus sürücüsündən bunun səbəbini soruşduqda bildirilib
ki, buna səbəb arxa qapıdan minən bəzi sərnişinlərin ödənişdən yayınmasıdır. Görünür
şirkət sürücülərə belə tapşırıq verərək bu “dərdlərinə” “çarə” tapıblar.
Analoji hal M1-in digər dayanacağı “Elmlər Akademiyası”
metrostansiyasında da qeydə alınıb. Görüntülərdə əks olunub ki, avtobusun
yalnız ön qapısı açıqdır.
Qeyd edək ki, bir müddət əvvəl M1 nömrəli ekspres
marşrutunda yenilik tətbiq edilərək nəqliyyat vasitələrinə ikinci oxuma
cihazının (validatorun) quraşdırılmasına başlanılmışdı. Bu, sərnişinlərin
avtobuslara minməsi prosesini sürətləndirəcək və gözləmə müddətini azaldacaqdı.
Lakin görünür ki, “Faiqoğlu” MMC sərnişinləri yox, öz cibini
düşünür. Sırf qazanc və ya digər mənafelər üçün sərnişinlərin rahat hərəkətinə
maneə yaradır.
Əgər ikinci validatorun əsas məqsədi sərnişinlərin arxa
qapıdan da daxil olaraq ödənişi həyata keçirməsi və avtobusa minmə prosesinin
sürətləndirilməsidirsə, bu zaman həmin qapının sərnişinlərin üzünə
bağlanmasının məntiqi izahı ortaya çıxır. Ödənişdən yayınma hallarının
qarşısının alınması üçün başqa nəzarət mexanizmləri tətbiq edilə bilər. Lakin
bunun əvəzində bütün sərnişinlərin arxa qapıdan girişinin məhdudlaşdırılması,
xüsusilə səhər saatlarında, onsuz da sıx olan marşrutda əlavə narahatlıq
yaradır.
Nəticədə ikinci validatorun tətbiqi ilə əldə olunması nəzərdə
tutulan rahatlıq və vaxt qənaəti faktiki olaraq sual altında qalır. Sərnişinlər
yenə yalnız ön qapıdan minməyə məcbur edilir, avtobus qarşısında növbə və
sıxlıq yaranır.
Burada əsas sual isə budur: İkinci validator sərnişinlərin rahatlığını təmin etmək üçün quraşdırılıbsa, ondan istifadə imkanının məhdudlaşdırılmasının səbəbi nədir?
Məhəbbət Tərlanoğlu
10:45 02.09.2026
Oxunuş sayı: 109