“Cin çıxaran”ın yanına gedə bilərsiniz, amma - PUL VERMƏYİN!
Son dövrlərdə sosial şəbəkələrdə özünü ekstrasens, parapsixoloq və ya “ruhani” mütəxəssis kimi təqdim edən şəxslərin insanlara “cin çıxarma” və “sehrdən xilas etmə” vədləri ilə müraciət etməsi diqqət çəkir. İnsanların qorxu və inanclarından istifadə edən bu şəxslərin müxtəlif vədlərlə külli məbləğlərdə pul tələb etməsi məsələnin yalnız dini deyil, həm də sosial və hüquqi tərəflərini gündəmə gətirir. “Cin çıxarma” adı altında göstərilən xidmətlər dini baxımdan mübahisəli olmaqla yanaşı, bəzi hallarda insanların aldadılaraq maddi zərərə məruz qalmasına da səbəb olur.
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, bizim yaşadığımız dünya ilə paralel, yan-yana, iç-içə varlığını qoruyub davam etdirən bir çox məxluqlar var: “Viruslar, parazitlər bizimlə bərabər, iç-içə yaşadığımız dünyada mövcuddurlar. Eynilə də metafizik aləmə aid olan, yəni bizimlə paralel bir dünyanın varlıqları olan iblis, şeytan dediyimiz, eyni zamanda cinlər də mövcuddur. Onlar nə gözümüzlə görünə bilir, nə mikroskoplarımızın altında müşahidə oluna bilir, nə də teleskopların içərisində görünə bilir. Metafizik olduqlarına görə onların da bu təbiətdə, bu kainatda bir vəzifələri var, onlar da öz vəzifələrini icra edərlər. Əlbəttə ki, sosial şəbəkələrdə son illərdə yayılan, təbliğ edilən, dəvət edilən, bir qrup — yəni özlərini ruhani kimi göstərən bu ekstrasenslərin və yaxud parapsixoloq adı altında fəaliyyət göstərən, özünü cin çıxaran, yəni cinlərlə danışan, cinlərlə söhbət edən kimi göstərən bir qrup saxtakar insan var. Onlara din xadimləri deməzdim. Bunlar cəmiyyətin müxtəlif təbəqələrindən peyda olmuş, daim özlərini bilgili, bilikli, gələcəyi bilən, qeybi bilən, çox şeyi bilən kimi göstərirlər. Amma təhsilinə baxırsan, təliminə baxırsan: hardan gəlmisən, hansı universiteti qurtarmısan? Bağışlayarsınız, bir cin universiteti varmı? Yəni bu necə oldu? Bu kimi saxta bilgilərlə, naxoş fəaliyyətləri ilə insanları aldadırlar, onların cibinə girirlər. Kütləvi şəkildə insanları, əslində, xəstəxanalardan, həkimdən, təbibdən uzaq salırlar. Bəzən uzun müddət öz ovuçlarında, pəncələri altında saxladıqları insanlarda daha ciddi xəstəliklərə gətirib çıxaran hadisələrlə üzləşirlər”.

A. Hacıbəyli qeyd edib ki, maarifləndirmə məsələsi çox önəmlidir: “Xalqımızı, yəni insanımızı bilgiləndirmək çox vacib məsələlərdən birisidir. Qurani-Kərimdə “Cin” adında surə də var. Biz o surəni oxuduğumuz zaman ondan aldığımız mesajlar bizi daha diri tutur, belə bir varlığın mövcudluğundan xəbərdar edir. Lakin bir şey söyləyim sizə: cinlər bizim həyatımıza niyə girsin ki? Cinlər bizim ailəmizi niyə dağıtsın ki? Cinlər bizim dostluq bağlarımıza niyə son qoymalıdırlar ki? Əvvəla, dinimiz bizə öyrədir ki, cinlərin İslamı qəbul etmişləri müsəlman, qəbul etməyənlərinə isə zatən şeytan deyilir. Şeytanın da işi gecə-gündüz insanların haqq yoldan uzaqlaşmasına, batillə yaşamasına yönəlməkdir. Haramla, faizlə, yalanlarla, böhtanlarla, iftiralarla oturub-duran insanlar əslində elə şeytanın təlqinləri ilə yaşayan, şeytanın vəsvəsələrinə uyan insanlardır. Burada xüsusi olaraq cinləri ayırmaq doğru bir şey deyil. İfadə etdiyimiz kimi, əsla cinlər bu işlərlə məşğul ola bilməz və Allah-Təala da Həzrəti Süleyman (əleyhissalam) xaric, heç bir nəbiyə belə bir səlahiyyət verməyib ki, cinləri idarə etsin. Yəni cinləri idarə etmək qabiliyyətini Allah insanlara verməyib. Bu iddianı ortaya qoyan insanlar Allaha qarşı yalan danışır, dinə qarşı yalan danışır, insanları aldadır, bağışlayarsınız, dələduzluq eləməklə məşğuldurlar. Bu baxımdan, bəli, sehr deyilən, cəmiyyətimiz arasında cadu adlandırılan bir anlayış var və Qurani-Kərim bundan bəhs edir. Bu da hər dua yazan adama aid deyil. Əslində, çirkin işlərlə məşğul olan insanlar bir ailənin ocağını söndürmək üçün sehrdən istifadə edərlər. Qurani-Kərim bu sehrbazların, əslində, bu fitnəkarların şərindən insanları qurtarmaq üçün təklif etdiyi “Ayətəl-Kürsi” kimi, “Məvüzətəyn” — Qurani-Kərimin son 113 və 114-cü surələri — müntəzəm olaraq oxunmalı, onu ruhuna qida etməli və beləcə bu cür şarlatanların şərli düşüncələrindən öz ailələrini, öz həyatlarını, öz mənəvi dünyalarını mühafizə etməyə çalışmalıdırlar”.
Hüquqşünas Ramil Süleymanov açıqlamasında bildirib ki, birinci növbədə, cin çıxarma və ya digər formada insanlara hansısa şəkildə dini yöndən yardım etmək öz-özlüyündə İslam dininə görə qadağan olunmuş bir şey deyil: “Eləcə də İslam dinində bununla bağlı “Ruqya” anlayışı deyilən bir prosedur həyata keçirilir. Yəni bunu bacaran insanlar faktiki olaraq Quranın müəyyən ayələrini oxumaqla bu prosesi icra edirlər. Amma o ki qaldı bu prosesin faktiki olaraq pulla edilməsinə, İslam dinində buna dair hər hansı bir dəlil, sübut yoxdur. Ümumiyyətlə, bununla bağlı vətəndaşlardan pul alınması hüquqi baxımdan da, mənə görə, düzgün deyildir. Bununla bağlı hər hansı bir prosesin icra olunması vətəndaşların etibarından, hesab edirəm ki, sui-istifadə halıdır. Buna görə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılması labüddür və qaçılmazdır. O ki qaldı bunun edilməsi nəticəsində müsbət nəticə əldə etməyən şəxslərə, əlbəttə ki, bu şəxslər verdikləri pula görə, deməli, nəsə tələb edə bilərlər… Şikayətlərini verib ödədikləri pulun geri qaytarılmasını tələb edə bilərlər”.

R. Süleymanov qeyd edib ki, pulun geri qaytarılması hüquq-mühafizə orqanları tərəfindən təmin olunur: “Əgər bu pul geri qaytarılmazsa, artıq bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, ümumiyyətlə, məbləğin 500 manata qədər hissəsi cinayət məsuliyyəti yaratmır, 500 manat və üzəri cinayət məsuliyyəti yaradır. Məbləğin həcmindən asılı olaraq inzibati və ya cinayət məsuliyyətinin yaranmasına səbəb ola bilir”.
Sosioloq Üzeyir Şəfiyev açıqlamasında bildirib ki, yalançı inanclar və ümumi məlumatlar həmişə cəmiyyətdə olub, lakin XXI əsrdə, rəqəmsal cəmiyyət şəraitində belə halların yaşanması təəssüf doğurur: “Amma digər tərəfdən də belə məntiq hasil olur ki, real həyatda olan belə hüquqazidd əməllər sosial şəbəkələr vasitəsilə cəmiyyətə yansıyır və artıq sosial şəbəkələrdə dələduzluq və başqa növlərindən də istifadə olunur. Amma istifadəçilər, sosial şəbəkə istifadəçiləri unutmasınlar ki, sosial şəbəkələrdə məhz belə hüquqazidd əməllər, dələduzluq əməlləri real həyatda olduğu kimi hüquqi məsuliyyət yaradır. Bunun fərqində olmalıdırlar və necə ki, real həyatda, belə virtual həyatda da bu tipli əməllər hüquqi məsuliyyətin tərkib tərəfinə düşür. Güman edirəm ki, bunu məhz istifadəçilərə çatdırmaq lazımdır, hüquqi maarifləndirmə etmək lazımdır, sosial maarifləndirmə aparmaq lazımdır. Həm bu tələyə düşənlər olmasın, həm də bu əməllə — hüquqazidd əməllə məşğul olan istifadəçilər öz məsuliyyətlərini başa düşsünlər, bilsinlər ki, bu olmamalıdır. Bununla bağlı həm hüquqi maarifləndirmə, sosial maarifləndirmə tədbirləri həyata keçirmək lazımdır, həm də belə səhifələrə, belə saytlara bununla bağlı müntəzəm olaraq monitorinqlər etmək lazımdır. Belə hallar dərhal hüquqi müstəvidə öz həllini tapmalıdır”.

Nuray Mehtiyeva
17:30 02.09.2026
Oxunuş sayı: 50