Artıq bloqerlər də vergi ödəyəcək
Son illər sosial şəbəkələr və digər rəqəmsal platformalar vasitəsilə reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun yaradılması və müxtəlif layihələrdə iştirak etməklə gəlir əldə edən şəxslərin sayı artır. Bu fəaliyyət sahəsinin genişlənməsi rəqəmsal platformalar üzərindən əldə olunan gəlirlərin iqtisadi fəaliyyət növləri üzrə daha dəqiq uçota alınmasını zəruri edib.
Dövlət Vergi Xidməti tərəfindən “Rəqəmsal platforma təsirçisi” fəaliyyət növünün 6312003 kodu ilə iqtisadi fəaliyyət növləri təsnifatına əlavə edilməsi də məhz bu məqsədə xidmət edir. Bununla belə, yeni təsnifatın tətbiqi bloqerlər və influencerlar üçün ayrıca vergi növünün və ya xüsusi vergi rejiminin yaradılması anlamına gəlmir.
Bəs rəqəmsal platforma təsirçilərinin fəaliyyəti hansı vergi rejimi çərçivəsində tənzimlənəcək? Onların vergi öhdəlikləri hansı hallarda yaranacaq?

Hüquqşünas Vüsalə Əhmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, burada yeni vergi növü və ya yeni vergi rejiminin yaradılmasından söhbət getmir: “Dövlət Vergi Xidməti ‘Rəqəmsal platforma təsirçisi’ni 6312003 kodu ilə uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata əlavə edib. Yəni dövlət artıq rəqəmsal platformalar üzərindən gəlir əldə edilməsini iqtisadi fəaliyyətin uçotu zamanı ayrıca identifikasiya edə biləcək. Məqsəd bloqeri ayrıca sahibkarlıq subyekti növünə çevirmək və ya avtomatik olaraq yeni vergi dərəcəsi yaratmaq deyil. Praktiki baxımdan əsas dəyişiklik budur ki, əvvəllər ‘bloqer’, ‘reklam xidməti’, ‘marketinq’ və ya ‘məzmun yaradılması’ kimi müxtəlif fəaliyyət növləri altında təsnif edilə bilən şəxsin fəaliyyəti indi birbaşa ‘rəqəmsal platforma təsirçisi’ kimi identifikasiya ediləcək”.
Hüquqşünas əlavə edib ki, burada dəqiqləşdirilməli əsas məsələ influencerin hansı vergi rejiminə tabe olacağıdır: “Bu zaman gəlirin necə əldə edilməsi, fəaliyyətin xarakteri, dövriyyənin həcmi və Vergi Məcəlləsində nəzərdə tutulan digər şərtlər nəzərə alınacaq. Məsələn, illik dövriyyəsi 200 min manatadək olarsa, mikrosahibkarlıq subyekti kimi sadələşdirilmiş vergiyə – 2 faiz dərəcə ilə cəlb oluna bilər. Əgər platforma vasitəsilə şirkətlərə və ya əhaliyə xidmət göstərirsə, yaxud satış fəaliyyəti ilə məşğul olursa, əldə etdiyi xalis mənfəətdən 20 faiz mənfəət vergisi ödəmək öhdəliyi yarana bilər. Platforma təsirçisinin son 12 aylıq dövriyyəsi 200 min manatı keçərsə, 18 faizlik ƏDV ödəyicisi olmaq öhdəliyi də yarana bilər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxslər isə Vergi Məcəlləsinin 33.4-cü maddəsinə uyğun olaraq VÖEN əldə etməli və fərdi sahibkar kimi vergi uçotuna düşməlidirlər”.
Zeynəb Həsən
15:45 02.09.2026
Oxunuş sayı: 81