Azərbaycan və Özbəkistan vətəndaş cəmiyyətləri bir-birinə daha da yaxınlaşır
Daşkənddə Azərbaycan və Özbəkistan arasında bir sıra sənədlərin imzalanması və mübadiləsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Sənədlər siyasi, iqtisadi, enerji, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında qurduğu əlaqələr həm iki ölkə, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üçün yeni imkanlar yaradır. Bəs bu sənədlərin əhəmiyyəti nədən ibarətdir? İki dövlət arasındakı münasibətlərin hazırkı vəziyyəti ilə bağlı nə demək olar?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Özbəkistan arasında imzalanan sənədlər iki ölkə arasında münasibətlərin yeni səhifəsini açır və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycan-Özbəkistan münasibətlərinin doğrudan da yeni bir səhifəsi açılır. Və bu səhifə böyük bir töhfə ilə gələcəyə hesablanıb. Söhbət ondan gedir ki, əbədi dostluq haqqında artıq rəsmi sənəd imzalanıb. Yəni bu, beynəlxalq münasibətlərdə, yeni bir gedişdir, yeni bir töhfədir və bu da iki xalqın, iki ölkənin bir-birinə üzvi bağlılığının nəticəsində əldə olunmuş bir nəticədir. Azərbaycan və Özbəkistan uzun illərdir münasibətlərini qoruyub saxlayırlar. 1992-1993-cü illərdə Xalq Cəbhəsi-Müsavat hakimiyyəti dövründə Özbəkistanla münasibətlərin qorunub saxlanılması istiqamətində lazımi addımlar atılmadı. Əksinə, postsovet dövrünün ən kritik məqamında əldə olunmuş birgə potensial da zədələndi və küskünlük yarandı. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra isə münasibətlərə yeni nəfəs verildi və biz bu əlaqələri bərpa edə bildik. Heydər Əliyev Özbəkistana səfər etmişdi, daha sonra İslam Kərimov Bakıya gəlmişdi. İndi isə söhbət ondan gedir ki, biz qarşılıqlı etimad nümayiş etdirərək münasibətlərimizi qururuq. Hesab edirəm ki, siyasi və iqtisadi aləmdə ən güclü investisiyanı özündə ehtiva edən amil məhz etimaddır. Biz də buna söykənərək münasibətlərimizi gücləndiririk və həqiqətən də qarşıda bizi çox böyük işlər gözləyir. Bu işlərin nəticələri də böyük əhəmiyyət kəsb edəcək. Məsələn, bizim Dövlət Neft Şirkətimiz SOCAR artıq Özbəkistanda fəaliyyətə başlayır, daha sonra özünün tərəfdaşı olan BP-ni də ora gətirir. Digər tərəfdən, Özbəkistanda avtomobil zavodlarının istehsal etdiyi məhsulları da biz Azərbaycana gətirəcəyik. Söhbət “Isuzu”, “Chevrolet” və digər markalardan gedir. Xankəndidə artıq birgə müəssisə fəaliyyət göstərir və Özbəkistanın trikotaj sahəsində istehsal etdiyi məhsullar Azərbaycana gətirilir. Yəni bizim çoxsaylı ortaq layihələrimiz və proqramlarımız var. Bunlar bizi həm zənginləşdirəcək, həm də dünyadakı mövqelərimizi gücləndirəcək. Əsas məsələ odur ki, iki regionu – Qafqaz bölgəsi ilə Mərkəzi Asiyanı bir-birinə əməli şəkildə birləşdirən məhz bu iki dövlətdir. Biz həmahəng şəkildə vahid makroregion formalaşdırmışıq”.
T.Abbasov qeyd edib ki, Özbəkistan çox güclü iqtisadiyyata malikdir: “Azərbaycanın gücü, valyuta ehtiyatları var. Ona görə də biz böyük həvəslə bu münasibətlərə yeni impuls veririk. Bu baxımdan dövlət səfəri, Prezidentin dövlət səfəri çox vacib rol oynayır. Çünki bir tərəfdən arxada qalmış illərin nəticələrini nəzərdən keçiririk, digər tərəfdən isə gələcəyə körpü atırıq. Burada ən vacib məqam odur ki, bizim təkcə şaquli deyil, həm də üfüqi əlaqələrimiz güclənir. Vətəndaş cəmiyyətləri bir-birinə yaxınlaşır, şəhərlərimiz qardaşlaşır, regionlarımız birbaşa əlaqələr qurur. Bu isə o deməkdir ki, getdikcə daha çox insan və təşəbbüskar nümayəndələr bu münasibətlərə öz töhfələrini verəcək, yeni ideya və planlarını həyata keçirəcəklər. Birgə investisiya fondu var – 500 milyon dollar, yəni yarım milyard dollar. Bu az məbləğ deyil. Onun 70 faizini Azərbaycan, 30 faizini isə Özbəkistan ödəyib. Həmin fonddan mühüm layihələr maliyyələşdirilir və maliyyələşdiriləcək. Mən hesab edirəm ki, fondun resurs imkanları da artırılacaq, çünki buna böyük ehtiyac var. Bizi birləşdirən digər mühüm istiqamətlər enerji və nəqliyyat-kommunikasiya layihələridir. Çin, Qırğızıstan və Özbəkistan dəmir yolu tikiləndən sonra, demək olar ki, Uzaq Şərqdən Avropaya qədər zəncirvari proses formalaşacaq. Burada intermodal daşımalar da olacaq. Xəzər dənizinin Ələt limanı, Ələt ətrafında hava limanı və digər imkanlar yüklərin daşınmasında ötürücü gücümüzün artmasına imkan yaradacaq. Özbəkistan, Türkmənistan və Azərbaycan, həmçinin Çindən başlayan bu zəncirvari prosesdə vahid xəttə oturuşuruq. Bu, bir tərəfdən yüklərin daha tez daşınmasına imkan yaradacaq, digər tərəfdən maya dəyərini azaldacaq. Eyni zamanda tranzit ölkələr kimi öz mallarımızı da bu xətlərlə dünya bazarlarına çıxara biləcəyik. Həm Azərbaycan, həm də Özbəkistan açıq okeanlardan uzaqda yerləşir və açıq dənizlərə birbaşa çıxışımız yoxdur. Buna görə də Mərkəzi Asiya ölkələri, o cümlədən Türk Dövlətləri Təşkilatının üzvləri Azərbaycanın qapılarından, imkanlarından və xab imkanlarından istifadə edərək Aralıq dənizinə, Qara dənizə və Fars körfəzinə çıxa biləcəklər. Xüsusilə Naxçıvanın yeni ötürücü bölgəyə çevrilməsi ilə bizim çoxşaxəli və diversifikasiya olunmuş əlaqələrimiz daha da güclənəcək. Azərbaycan və Özbəkistan özləri bir drayver rolunda çıxış edirlər. Həm özləri, həm də beynəlxalq mühitdə təhlükəsizliyin qorunması, əməkdaşlığın, kooperasiyanın və inteqrasiyanın güclənməsi üçün əməli dəstək verirlər və verəcəklər. İmzalanmış sənədlər, həmçinin Bakı ilə Daşkənd arasında olan dialoq da məhz belə bir ruhda inkişaf edir ki, biz birlikdə çox işlərə nail ola bilərik və olmalıyıq”.
Zərnigar Hüseynli
16:45 24.08.2026
Oxunuş sayı: 50