Xərçəng xəstələrinə şad xəbər - hədəf terapiyasında ciddi irəliləyiş
Xərçəng xəstəliyi müasir tibbin ən mürəkkəb problemlərindən biri olaraq qalır. Son illərdə immunoterapiya və hədəf terapiyası sahəsində ciddi nailiyyətlər əldə edilsə də, xəstəliyin bütün növlərini tamamilə aradan qaldıran vahid müalicə üsulu hələ mövcud deyil. Xərçəng hüceyrələrinin immun sistemindən yayınaraq orqanizmdə sərbəst şəkildə çoxalması müalicəni çətinləşdirən əsas mexanizmlərdən biridir. Bu hüceyrələrin səthində yerləşən müəyyən zülallar onların immun sisteminin hücumlarından qorunmasına imkan verir. Müasir müalicə üsullarının bir qismi məhz həmin müdafiə mexanizmlərinin bloklanmasına yönəlib. Bu istiqamətdə istifadə olunan preparatlardan biri də pembrolizumab – Keytrudadır. Bununla yanaşı, xərçəngin müxtəlif növlərinin fərqli xüsusiyyətlərə malik olması müalicəyə yanaşmanın da fərdi olmasını zəruri edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, xərçəng hüceyrələri orqanizmin nəzarətindən çıxmış atipik hüceyrələrdir.
"Yəni tipoloji olmayan, bədənə xas olmayan hüceyrələrdir.

Bu hüceyrələr müəyyən mutasiyalardan, müəyyən faktorlardan yaranır və xüsusi bir situasiyada – ekstremal situasiyalarda orqanizmdə baş verən proseslər nəticəsində – orqanizmin nəzarətindən çıxırlar və sərbəst bölünmək imkanı əldə edirlər. Bu xərçəng hüceyrələri, aparılan tədqiqatların sübut etdiyi kimi, xüsusi müdafiə zolağı tapırlar. Bu, onların qılafında olan xüsusi zülallarla, proteinlərlə bağlıdır.
Məsələn, PD və PD-L1 proteinləri atipik hüceyrələri orqanizmin immun sisteminin hücumlarından qoruyur. PD-1-i blok edən, yəni həmin zülalı blok edən maddə kimi pembrolizumab, yəni Keytruda istifadə olunur. Bu preparat Roche firmasının mütəxəssisləri tərəfindən kəşf edilib və dərman 2028-ci ilə qədər Roche firmasının nəzarətindədir. Ondan sonra isə bu lisenziya hamı üçün buraxılacaq.
Keytruda effektiv bir preparatdır, amma bir şeyi nəzərə almaq lazımdır ki, əgər həmin PD, yəni “Programmed Death-Ligand 1” – ayrıca yazılacaq – həmin zülal varsa, Keytruda xəstəyə vurula bilər. Bunun üçün də əlavə genetik analiz tələb olunur.
Həmin mRNT (mRNA) peyvəndinin əsas maddəsi ayrı-ayrı preparatlarda istifadə oluna bilər və bu preparatla birlikdə genetik istiqamətdə daha böyük hücum təşkil etmək mümkündür.
İstənilən halda, immunoterapiyada əsas məsələ budur ki, orqanizmdə immun sisteminin qarşısını kəsən və immun sistemi həmin xərçəng hüceyrələrini tanımağa sövq edən zülalları bloklamaqla onları ələkeçər edirlər. Oradakı dendritik hüceyrələr, B hüceyrələri və makrofaqlar həmin xərçəng hüceyrələrini məhv edirlər. İmmunoterapiyanın mahiyyəti də budur.
Bu gün həm hədəf terapiyası (target terapiya), həm də immunoterapiya çox böyük inkişaflar əldə edib. Amma bunların heç biri – o cümlədən melanomanın gedişində – tam həll yolu deyil. Bilirsiniz ki, melanoma çox aqressiv bir xəstəlikdir və melanositlərdən, atipik melanositlərdən baş verir, yəni bədəndəki nevuslardan başlanğıc götürür. Xüsusilə onlar qıcıqlandıqda, böyük dozada ultrabənövşəyi şüalar, günəş şüaları aldıqda mutasiya edir və bədənə yayılır. Melanomanın müalicəsi birmənalı olaraq, yəni bədənə yayıldıqda, indiyə qədər imkan xaricindədir.
Amma bu nailiyyətlər, əlbəttə ki, hər biri müsbət addım sayılmalıdır. Bunlar bütövlükdə xərçəng xəstələrinin müalicəsinin nəticələrinin yaxşılaşdırılması istiqamətində bir addım hesab edilə bilər.
Amma xərçəng xəstəliyi bütövlükdə bir infeksiya deyil və ya adi bir xəstəlik deyil ki, hansısa bir dərmanla aradan qalxsın. Xərçəng xəstəliyinin bədəndə 2000-dən çox növü var. Ayrı-ayrı toxumaların xərçəng xəstəliyi müxtəlif diferensiasiya dərəcəsində və müxtəlif formada ola bilər. Süd vəzisinin xərçənginin 5 molekulyar tipi var və hər birində proqnoz fərqlidir.
O baxımdan da, nə qədər böyük inkişaflar əldə olunsa belə, xərçəng xəstəliyi nə qədər canlı var, o qədər də mövcud olacaq. Bitkilərə də aiddir, heyvanlara da və insanlara da. Bəşəriyyət nə qədər mövcud olacaqsa...
“Programmed Death-Ligand 1” – PD-L1 – həmin zülalı, yəni atipik xərçəng hüceyrələrinin qılafında, bayırında olan bu zülalı blok edir. Bununla da immun sisteminə yol açılır ki, həmin hüceyrələri məhv etsin. “Programmed Death-Ligand 1” ifadəsinin abreviaturası da PD-L1-dir".
Zeynəb Həsən
13:30 21.08.2026
Oxunuş sayı: 54