Paşinyan Kərki və digər anklavları Azərbaycan ərazisi kimi tanıdı
Ermənistanın Baş naziri Nikol Paşinyan anklavlarla bağlı məsələnin həllində Kərki, Barxudarlı və Yuxarı Əskiparanın Azərbaycan ərazisi olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Ermənistan KİV-ləri bu barədə məlumat yayıb.
Paşinyan jurnalistlərə keçirdiyi brifinqdə Ermənistan və Azərbaycan arasında “anklavlar məsələsi”nin uzunmüddətli dinc birgə yaşayışı təmin edəcək və sərhədyanı ərazilərdə yaşayan insanlar üçün yeni problemlər yaratmayacaq şəkildə həll edilməli olduğunu deyib.
Onun sözlərinə görə, Bakı və İrəvanın razılaşdırdığı delimitasiya prinsipinə əsasən, Artsvaşen (Başkənd) Ermənistan ərazisidir, Kərki, Barxudarlı və Yuxarı Əskipara isə Azərbaycanın əraziləridir.
Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyasını 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparmaq barədə razılığa gəliblər.
“Bu məsələ həll edilməlidir, lakin hərbi yolla yox. Bu, artıq bağlanmış keçmişin səhifəsidir. Məsələ hər iki tərəf, o cümlədən bölgədə yaşayan insanlar üçün əlverişli şəkildə həll olunmalıdır”, – deyə Ermənistanın baş naziri bildirib.
17:21 20.08.2026
Oxunuş sayı: 55